"Hazırda dünyada baş verən proseslər onu göstərir ki, nəqliyyat və logistika bizim əsas diqqət etməli olduğumuz böyük sahələrdən biridir".
Fins.Az apa-ya istinadən xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında deyib.
O bildirib ki, Azərbaycanın regionun nəqliyyat və tranzit qovşağına çevrilib və son 10 ildə regionda dayanıqlı nəqliyyat və tranzit dəhlizlərinin inkişafı üçün ölkəmiz tərəfindən böyük işlər aparılıb.
"Bu gün Azərbaycanda yüklərin beynəlxalq daşınmasına imkan verən müasir nəqliyyat infrastrukturu mövcuddur. Bu kontekstdə ikitərəfli komissiya çərçivəsində 2019-cu ildə ilk iclası Varşavada keçirilmiş nəqliyyat və logistika üzrə Polşa-Azərbaycan işçi qrupunun cari ilin martında Bakıda keçiriləcək ikinci iclası ilə əlaqədar beynəlxalq yükdaşımaları zamanı iki ölkənin tranzit imkanlarından tam istifadə edilməsi və trans-Xəzər beynəlxalq marşrutu üzrə daşımaların təşviq olunması istiqamətində birgə tədbirlərin davam etdirilməsini müvafiq hesab edirik".
Nazir bildirib ki, hazırda işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir, bu kontekstə ikitərəfli iqtisadi və ticari əlaqələrin genişləndirilməsi istiqamətində polşalı iş adamlarının həmin ərazilərə investisiya qoymağa dəvət edib.