BİZNES

14 Fevral

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 61% artdı

Azərbaycanda ötən ay əsas kapitala 1091,7 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 61,2% çox vəsait yönəldilib.

Fins.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 8,8% azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,5 dəfə artıbdır.

İstifadə olunan vəsaitin 506,2 milyon manatı və ya 46,4 faizi məhsul istehsalı sahələrinə, 529 milyon manatı (48,4 faizi) xidmət sahələrinə, 56,5 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunubdur.

Əsas kapitala yönəldilən vəsaitlərin 812,1 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil edibdir. Əsas kapitala yönəldilən vəsaitlərin 844,2 milyon manatı və ya 77,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunubdur.