BİZNES

10 Fevral

Türk Dövlətləri Təşkilatının beyin mərkəzlərinin görüşü keçirilib - FOTO

Türk Dövlətləri Təşkilatına daxil olan üzv və müşahidəçi ölkələrin iqtisadiyyat sahəsində fəaliyyət göstərən beyin mərkəzlərinin görüşü keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Fins.Az-a verilən məlumata görə, Türk Dövlətləri Təşkilatının Katibliyinin təşkilatçılığı ilə keçirilən görüşün əsas müzakirə mövzusu “Türk Dünyası 2040 Vizyonu”nun həyata keçirilməsində beyin mərkəzlərinin rolu, həmçinin iqtisadi yönümlü beyin mərkəzlərinin əməkdaşlıq platforması və yol xəritəsinin hazırlanması olub.

Görüşdə məruzə ilə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Türk dövlətlərinin inteqrasiyasının dərinləşdirilməsində investisiya, ticarət, maliyyə-bank və nəqliyyat-logistika sahələrində tədqiqatlar gücləndirilməli, habelə müvafiq təklif və tövsiyə sənədləri hazırlanmalıdır: “Fevral ayının 17 və 18-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək "Türk Dünyasında İqtisadi Əməkdaşlıq və İnteqrasiya üzrə İqtisadi Siyasət Araşdırma Mərkəzlərinin Seminarı" Türk dövlətlərinin iqtisadi əməkdaşlığı və “İqtisadi Siyasət Araşdırma Mərkəzlərinin Şəbəkəsi”nin yaradılması imkanlarının müzakirəsinə həsr olunacaq. Seminarda, həmçinin türk ölkələrinin ortamüddətli inkişaf prioritetləri və "Türk Dünyasına Baxış 2040" məqsədlərinə uyğun olaraq türk ölkələrinin iqtisadi əlaqələrinin genişləndirilməsi üsullarının müzakirəsi nəzərdə tutulur.”

Müzakirələrdə Türk Akademiyasının, Qazaxıstanın İqtisadi Araşdırmalar İnstitutunun, Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin, Macarıstanın Xarici İşlər və Ticarət İnstitutu, Qırğızıstanın Milli Strateji Araşdırmalar İnstitutunun Hüquq və Siyasi Araşdırmalar Mərkəzi, Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi və Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutunun rəhbərləri də daxil olmaqla 50-ə yaxın nümayəndə iştirak edib.