BİZNES

10 Fevral

Azərbaycanda vergi sahəsində yeni interaktiv e-xidmətlər tətbiq ediləcək

Azərbaycanda bəzi yeni xidmətlərin tətbiqi vergi qanunvericiliyinə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda İnternet Vergi İdarəsinin elektron portalının yenilənməsi layihəsi üzərində iş aparılır: “Portalda yeni, müasir standartlara uyğun, vergi ödəyiciləri üçün daha sadə və əlçatan elektron kabinet olacaq”.

Onun sözlərinə görə, elektron kabinet üçün mobil tətbiqin yaradılması istiqamətində işlər aparılır: “Bu, vergi ödəyiciləri üçün bir sıra əməliyyatların aparılmasını, internet vergi idarəsindən istifadəni asanlaşdıracaq, vergilər, sosial sığorta və icbari tibbi sığorta üzrə öhdəliklərin vaxtında icrasını təmin edəcək”.

Ötən ilin sonunda vergi qanunvericiliyinə, o cümlədən Vergi Məcəlləsinə əhəmiyyətli dəyişikliklərin edildiyini xatırladan O.Nəzərli 2022-ci ildə sahibkarlıq assosiasiyaları və ictimai birliklərlə əlaqələrin genişləndirilməsi istiqamətində intensiv işlərin aparıldığını diqqətə çatdırıb.

Ötən il iqtisadi sistemin yeni çağırışlarına uyğun olaraq vergi inzibatçılığının və rəqəmsal platformaların təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilib. İnteraktiv xidmətlərin inkişafı, kağız sənədlərlə həyata keçirilən işlərin azaldılması və təmassız xidmət vergi ödəyiciləri üçün xidmət keyfiyyətinin və rahatlığının artırılmasında əsas prioritetlərdir.

O.Nəzərli qeyd edib ki, hazırda bir sıra interaktiv elektron xidmətlərin yaradılması istiqamətində də tədbirlər görülür: “Buraya “Bəyannamələrin əvvəlcədən doldurulması”, “Elektron vergi konsaltinqi”, “Biznes mühitini və vergi yükünü araşdır”, “Reytinq” (“Vergi əməletməsinin qiymətləndirilməsi”)”, “Kontr-agentləri araşdır”, “Dərhal, QR kodla təsdiq edilməklə arayışların verilməsi” kimi interaktiv xidmətlər daxildir”.

O sonda vurğulayıb ki, Dövlət Vergi Xidməti Azərbaycanda həyata keçirilən “Əlverişli Biznes Mühiti” layihəsinin iki mühüm indikatoru – “Biznesə daxilolma” və “Vergitutma” indikatorları üzrə işçi qruplarına rəhbərlik edir: “Ötən il hər iki işçi qrup digər dövlət qurumları ilə birlikdə bu sahələrin təkmilləşdirilməsi istiqamətində fəal işə başlayıb. 2023-cü ildə “yol xəritələri”ndə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi isə bu sahədə böyük yeniliklər gətirəcək”.