Azərbaycan iqtisadiyyatında aparılan şəffaflaşdırma işləri, yoxlamaların sayının minimuma endirilməsi və digər tədbirlər ölkədə sahibkarlıq mühitini ildən-ilə yaxşılaşdırdı və vergi daxilolmaları artmağa başladı.
Fins.Az Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda deyib.
Nazir müavininin sözlərinə görə, bugünkü müasir vergi sistemini məhz ümummilli lider Heydər Əliyev yaradıb: "Onun apardığı siyasətin nəticəsi olaraq, Azərbaycanda vergi qanunvericiliyi yaradıldı və vergi inzibatçılığı formalaşdırıldı”.
S.Ələkbərov bildirib ki, 1990-cı illərin əvvəllərində vergi daxilolmaları sahəsində vəziyyət yaxşı deyildi, vergidən yayınma kütləvi hal almışdı: "Daha sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında aparılan siyasət nəticəsində vergi daxilolmaları getdikcə artmağa başladı və 2004-cü ildə 1 milyard manatlıq baryeri keçdi. 2022-ci ildə isə dövlət büdcəsinə 15,5 milyard manat həcmində vergi daxilolması təmin edilib. Lakin arxayınlaşmaq olmaz. İqtisadiyyatımızda aparılan islahatları, eləcə də mövcud potensialı nəzərə alaraq, çox işlər görməliyik”.