BİZNES

08 Fevral

Azərbaycanın ilk peykinin orbitə buraxılmasından 10 il ötür

Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1"in orbitə buraxılmasından 10 il ötür.

Fins.az "Azerspace-1" 2013-cü ilin fevralın 8-də Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən "Ariane-5" daşıyıcı raketi ilə buraxılıb.

Çəkisi 6 521 kq olan "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır, Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada 40-dan çox ölkədə 180-dən çox müştəriyə xidmət göstərilir.

"Azerspace-1"in istismar müddəti azı 17 ildir.

Ümumilikdə 230 milyon ABŞ dollarına başa gələn peyki Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunub.

Maliyyələşmənin 15 %-i dövlət büdcəsindən, qalanı kreditlərlə hesabına təmin olunub. Fransanın COFACE İxrac Kredit Agentliyindən 98 milyon ABŞ dolları və ABŞ İxrac-İdxal (US Ex-İm) Bankının zəmanəti ilə BNP Paribas bankından 116,6 milyon ABŞ dolları məbləğində kreditlər götürülüb.

© Report