BİZNES

02 Fevral

Xaçmazda sahibkarlar üçün maarifləndirmə tədbiri keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti  regionlarda fəaliyyət göstərən sahibkarlarla istehlakçı hüquqlarının müdafiəsi sahəsində görüşlərin keçirilməsini davam etdirir.

Qurumdan Fins.Az-a verilən məlumata görə, növbəti belə görüş Xaçmaz şəhərində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla təşkil edilib.

Görüşdə  Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətləri ilə bağlı müzakirələr aparılıb. Sahibkarlara, həmçinin istehlak bazarında nəzarət sahələri və aparılan nəzarət tədbirləri barədə məlumat verilib, istehlakçı məmnuniyyəti və istehlakçı hüquqlarının təmin edilməsinin vacibliyi vurğulanıb. Sahibkarlar qüsurlu mallara və qüsurlu xidmətlərə görə istehlakçının hüquqları, zəmanət öhdəlikləri, ərzaq mallarının satışına dair tələblər, servis və ya əlavə xidmət haqqı, malın dəyişdirilməsi və ya qaytarılması  qaydaları barədə məlumatlandırılıb.

Qeyd edək ki, bundan əvvəl Gəncə, Cəlilabad və Şamaxı şəhərlərində də sahibkarlarla  belə görüşlər keçirilib.