BİZNES

16 Yanvar

KOBİA İstanbulda Dövlət-Özəl Tərəfdaşlığı Həftəsində iştirak edir

Yanvarın 16-da İstanbulda ənənəvi olaraq keçirilən Dövlət-Özəl Tərəfdaşlığı (DÖST- PPP) Həftəsi öz işinə başlayıb. Bu il yeddincisi keçirilən İstanbul PPP Həftəsində ölkəmizdə dövlət-özəl sektor tərəfdaşlığını təşviq edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunur.

Fins.az-ın məlumatına görə, KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirin açılış mərasimindəki çıxışında agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə DÖST mexanizminin tətbiqi, bu sahədə görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müxtəlif sahələrdə PPP layihələrinin icrası nəzərdə tutulur. Ötən il dekabrın 27-də “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanun qüvvəyə minib. KOBİA-nın nəzdində PPP İnkişaf Mərkəzi fəaliyyət göstərir. Agentlik Bakıda və ölkə regionlarında həyata keçirilməsi planlaşdırılan perspektivli PPP layihələrinin axtarışı və seçilməsi üzərində işləyir. KOBİA, həmçinin bu sahədə investisiyaların cəlb edilməsi, potensial tərəfdaşların axtarışı və müxtəlif infrastruktur sektorlarında pilot layihələrin həyata keçirilməsinə kömək göstərir.