Postpandemiya ili olan 2022-ci il Azərbaycanda iqtisadi və sosial fəaliyyətin canlanması ilə yadda qaldı. Ötən il ərzində “ABAD” publik hüquqi şəxsin fəaliyyəti haqqında qurumun direktor müavini Vüsal Arzumanlı ilə söhbətimizi təqdim edirik:
- Ölkədə sahibkarlığın inkişafı naminə çalışan “ABAD” öz məqsədlərinə yola saldığımız ildə nə qədər yaxın oldu?
- Bildiyiniz kimi, mikro, kiçik və orta sahibkarlığın inkişafı rəqabətli bazar mühitinin inkişafına, istehlak bazarının əmtəə və xidmətlərlə dolmasına, yeni iş yerlərinin yaradılmasına, geniş sahibkar kütləsinin formalaşmasına töhfə verən iqtisadi islahatların ən mühüm istiqamətlərindən biridir. Mikro, kiçik və orta biznes bu gün bazar iqtisadiyyatının tərkib hissəsidir və nəinki sabit olaraq əldə edilmiş mövqeləri qoruyur, həm də iqtisadiyyatın müxtəlif sahələrində ümumi iqtisadi göstəricilərin formalaşmasına təsirini ildən-ilə artırır. Məhz mikro, kiçik və orta biznes subyektləri ən effektiv innovativ layihələr yaratmağa qadirdir, dəyişən bazar şəraitinə daha həssas reaksiya verir və iri müəssisələr kimi formalaşmağa daha yaxın olur.
Bu sahədə əldə edilmiş bir sıra nəaliyyətlərə baxmayaraq, təəssüf ki, bu gün hələ də mikro, kiçik və orta biznesin fəal inkişafına mane olan bir sıra problemlər mövcuddur. Məsələn, biznesin kölgədə fəaliyyət göstərməsi, kreditlərin yüksək faizi və onların alınması üçün sərt şərtlər, girovların likvid olmaması, kreditlərin qaytarılmaması riskinin yüksək olması, kifayət qədər iqtisadi və hüquqi təcrübəsinin olmaması və s.
İqtisadiyyatda mikro, kiçik və orta sahibkarlığın mühüm rolunu nəzərə alan dövlət, sahibkarlığın inkişafı və dəstəklənməsinə, inkişafı üçün optimal şəraitin yaradılmasına, eləcə də sosial və iqtisadi problemlərin həllinə böyük diqqət yetirir. “ABAD” da məhz bu “diqqətin” nəticəsidir. Biz təşkilat olaraq yalnız öz sahibkar-“ABAD”çılarımızın problemlərini deyil, onların təcrübəsində ölkədə fəaliyyət göstərən bütün sahibkarlar qarşısında duran maneələri aradan qaldırmağa çalışırıq. Onlara ölkə səviyyəsində bir fokus qrup kimi baxa bilərik. Bu gün biz əminliklə deyə bilərik ki, sahibkarların üzləşdiyi əsas maneələri tam şəkildə araşdırmışıq, həlləri ilə bölüşməyə hazırıq və hətta zaman-zaman bölüşürük də. Həlli bizim səlahiyyətlərimiz çərçivəsində olmayanları isə aidiyyəti qurumlara çatdırırıq.
Bilirsinizki, COVID-19 pandemiyasının başlaması ilə dəstək göstərdiyimiz əl əməklərilə ailə büdcələrini təmin edən sənətkar “ABAD”çılarımız çox böyük çətinliklə üz-üzə qaldılar. Bu kateqoriyaya aid sənətkar-“ABAD”çıların gəlirlərinin bilavasitə beynəlxalq turizmlə əlaqəli olduğunu və pandemiyanın elə ilk günlərdən turizm sektoruna necə ciddi zərbə vurduğunu nəzərə alsaq az öncə qeyd etdiyim vəziyyəti təsəvvür etmək elə də çətin olmaz.
Həmin dövrdə “ABAD”a aid bütün etno-butiklər müvəqqəti olaraq fəaliyyətini dayandırdı. 2019-cu ildə “ABAD”çılara köçürülmüş vəsaitin həcmi 800 min manatdan çox idisə, həmin il bu rəqəm dörd dəfəyə yaxın azalaraq 214 min manat təşkil etdi. Amma onu da qeyd etmək lazımdır ki, həmin dövrdə göstərilən səylər nəticəsində qida məhsullarının istehsalı üzrə ixtisaslaşmış “ABAD”çıların məhsul satışlarının iki dəfə artırılmasına nail olundu. Bütün bunların fonunda “ABAD”ın son il ərzində öz məqsədlərinə daha yaxın olduğunu deyə bilərəm.
Təbii ki, hər bir fəaliyyətdə müəyyən hədəflər olur. Bizim də bu ilki hədəflərimizdən ən əsası “ABAD”çı məhsullarının satışının artırılmasına və bunun da nəticəsində onların hesabına köçürülən vəsaitlərin məbləğinin artmasına nail olmaq idi ki, buna da nail ola bildik. Belə ki, 2020 və 2021-ci illərdə bu rəqəmlər müvafiq olaraq 1 milyon 83 min və 1 milyon 576 min manat təşkil edirdisə, cari ilin 11 ayı ərzində “ABAD”çıların hesablarına köçürülən vəsaitin ümumi məbləği artıq 2 milyon 142 min manat təşkil edir. Bundan başqa, mövcud “ABAD”çıların rifahının yaxşılaşdırılması, yeni “ABAD”çıların cəlb edilməsi, ümumi dövriyyənin artırılması və yeni müqavilələrin imzalanması da əsas hədəflərimizdən idi. Bu hədəflərimizi də çatdıq. Bütün bunlar da öz növbəsində son ildə “ABAD” olaraq öz məqsədlərimizə daha yaxın olduq deməyə imkan verir.
- “ABAD” altı ildən artıqdır ki, fəaliyyət göstərir. Maraqlıdır, hazırda “ABAD” öz ətrafında neçə ailə biznesini cəmləşdirir?
- Altı il ərzində ümumilikdə 551 ailəyə tərəfimizdən dəstək göstərilib. Bu 551 VÖEN deməkdir. Hazırda aktiv “ABAD”çı-sahibkar ailələrimizin sayı 468-dir.
“ABAD” bir növ təlim-tədris müəssəsi rolunda çıxış edir. Bizə müraciət edən sahibkarlıq yolunda yeni addım atmağa başlayanlara tam təcrübə verdikdən sonra və onları mənfəətə çıxardıqdan sonra bu sahibkarlar “öz ayaqları üzərində” dayanmalı və sərbəst fəaliyyət üçün səy göstərməlidirlər. Bununla da yeni “ABAD”çıların qəbulu üçün yol açılır.
- Vüsal müəllim, bəs ümumiyyətlə, hansı fəaliyyət sahələrini üzümüzə gələn ildə regionlar üçün ən aktual və perspektivli hesab edirsiniz?
- Hər bir lazımi məhsul və iş yerləri yaradan, həmçinin mütəmadi olaraq vergi ödəyən biznes növləri maraq kəsb edir. Əlbəttə hazırda maraq doğuran sahələr innovativ, istehsal və yüksək texnoloji sahələrdir. Lakin “ABAD”ın dəstək proqramının şamil olunduğu prioritet sahələr (kənd təsərrüfatı və dekorativ-tətbiqi xalq sənətkarlığı) Vətənimizdə əsrlərlə aktual qalan fəaliyyət sahələridir. Məsələn, arıçılıq və ya xalçaçılıq kimi sənətlərin sirri hər zaman ailədə nəsildən-nəsilə ötürülüb. Həmçinin onu da qeyd edim ki, süni intellekt dövrünə yaxınlaşdıqca, insanların təbiiliyə marağı və tələbi artır. Bax bu zaman “ABAD”çılarımızın əl əməyi göz nuru ilə ərsəyə gətirdikləri suvenir, qida məhsulları və hətta interyer elementləri təbiilik zəmanəti verir.
- “ABAD” hansı xidmətləri göstərir və son il ərzində burada da dəyişikliklər olubmu?
- “ABAD” proqramına qoşulan sahibkarlarlar biznes-planlaşdırma, marketinq, brendinq və dizayn, təlimlər, mühasibatlıq, hüquqi yardım, qablaşdırma, logistika, satışların təşkili və s. kimi xidmətlər ilə təmin olunur.
“ABAD” publik hüquqi şəxs İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə uzun müddətdir ki, əməkdaşlıq edir. Bu ildən SİF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsi ilə “ABAD”çılara güzəştli kreditlərin verilməsi bərpa edilib. Misal üçün, 2022-ci ildə 110 min manat məbləğində “ABAD”çılara güzəştli kredit vəsaiti ayırılıb. Bu istiqamətdə artıq bir çox banklardan təkliflər alırıq, çünki “ABAD” özü bir zamindir. “ABAD”çıların zamini…
- “ABAD”çıların məhsulları ixrac edilirmi?
- “ABAD” etno-butiklərinin müştəri bazasının 80 faizi xarici qonaqlar, və ya xaricə gedərkən özü ilə hədiyyə aparmağı düşünən həmvətənlilərimizdir. Bu da öz növbəsində ixracın bir növüdür. Qida məhsulları sahəsində isə bir neçə xarici ölkələrlə ixracyönümlü layihələr həyata keçiririk, Yaponiya, MDB ölkələri, Yaxın Şərq və s.
- Gələcək planlarınızdan bir az danışaq
- Hər il olduğu kimi, gələcək ildən dəstək vermək üçün yeni ideyalar, yeni sahibkarlar gözləyirik. 2023-cü ildə yeni fəaliyyət istiqamətimiz olan “ABAD” Qonaqlama xidmətinin pilot layihə olaraq həyata keçirilməsi gözlənilir. İlk Qonaqlama xidməti Şəki Keramika və Tətbiqi Sənət mərkəzinin bazasında reallaşacaq. İşlər artıq yekunlaşma prosesindədir. “ABAD” Məktəblərinin işinin təkmilləşdirilməsi, təlimlərin sayının artırılması və öncə qeyd etdiyim kimi “ABAD”çıların rifahının yaxşılaşdırılması, ümumi dövriyyənin artırılması, yeni bazarlara çıxış və s. da gələn ilin məqsədlərindəndir. Əlbəttə ki, hər il olduğu kimi, milli iqtisadiyyatımızın müxtəlif sahələrinə töhfə verən layihələrdə iştirakımız da gözlənilir.