Tesla şirkəti öz yeni məhsulunu təqdim edib. Söhbət, kompakt ölçülü naqilsiz şarj stansiyasından gedir. Lakin şirkətin təqdim etmiş olduğu kompakt ölçülü naqilsiz şarj stansiyası elektromobillər üçün deyil, smartfonlar və Qi adlı şarj standartını dəstəkləyən digər cihazlar üçün nəzərdə tutulub. Sözügedən şarj stansiyası minimalistik dizaynı ilə seçilir. Bundan əlavə olaraq onun əsas özəlliyi ondan ibarətdr ki, o, eyni anda 3 ədəd cihazı şarj edə bilər. Wireless Charging Platform adını əldə etmiş naqilsiz şarj stansiyası metal materialdan hazırlanmış gövdəyə sahibdir. Bununla belə onun işlək səthi süni dəri ilə örtülüb. Dəri materialın alt hissəsində isə ümumi gücü 15 vatt təşkil edən cərəyan mexanizmləri yerləşir.
Onların sayəsində smartfonu, qulaqlıqları və ya digər cihazları işlək səthin istənilən yerinə yerləşdirmək mümkündür. Şarj stansiyasının komplektində maqnitli dayaq mövcuddur. O, şarj prosesi zamanı smartfonun əyilmə bucağının ayarlanması üçün lazımdır. Bu halda istifadəçi şarj prosesi zamanı hər hansısa videonu izləyə və bildirişləri daha tez görə bilər. Bundan əlavə olaraq komplektə həmçinin 65 vatt gücündə şarj cihazı və USB Type-C naqili daxildir. Tesla Wireless Charging Platform fevral ayında satışa çıxacaq və 300$ qiymətində satılacaq. Naqilsiz şarj stansiyasının ABŞ-dan kənarda satılıb-satılmayacağı barəsində bir məlumat verilməyib.