Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən (DYNX) verilən xəbərə görə, bu ilin aprel ayında Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38K ünvanında yerləşən “8-ci kilometr Ticarət Mərkəzi”nin ərazisində plan üzrə yoxlama keçirilərək aşkar edilən pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati cərimə tətbiq edilib.
Bununla belə, oktyabr ayında aparılan təkrar yoxlama zamanı bir sıra pozuntuların aradan qaldırılmadığı məlum olub. Bu səbəbdən, yenidən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş inzibati cəza tətbiq edilib və inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aradan qaldırmaq haqqında ticarət mərkəzinin rəhbərliyinə təqdimat verilib.
Artıq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə qanunsuz zəbt edilmiş ərazidə yanğın su hovuzunun üzərində piştaxtaların söküntüsü işlərinə başlanılması və yanğınsöndürmə texnikalarının hovuzdan su götürməsi imkanı təmin edilib.