Azərbaycanda sahibkarlar məhsulu ixrac etdikdən sonra xarab olan məhsullara dair sənəd təqdim edə bilməmələrinə görə çətinliklə rastlaşırlar.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov bu gün keçirilən “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, Azərbaycan idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarına əsasən sahibkarlar konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən müvafiq müddətdə Azərbaycandakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər:
"Lakin bəzi hallarda sahibkarlar qida məhsulları, əsasən meyvə-tərəvəz ixrac etdikdən sonra xarab olan məhsullara dair sənəd təqdim edə bilməmələrinə görə bəyan edilən dəyərin bir qisminin geri ödənilməsində bəzi çətinliklərlə rastlaşırlar. Bu sahədə tənzimləyici mexanizmlərin tətbiqi məqsədilə beynəlxalq təcrübədə təklif edilən mütərəqqi təcrübələrə baxmaq daha yaxşı olardı".
O. Məmmədov vurğulayıb ki, KOB-ların çətinliklərinin öyrənilməsi məqsədilə müvafiq dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin, nümayəndələrinin və sahibkarlıq subyektinin iştirakı ilə 2022-ci ildə 6 sahəvi görüş və maarifləndirmə tədbirləri keçirilmiş, bu tədbirlərdə ümumilikdə 200-ə yaxın sahibkarlıq subyekti iştirak etmiş, onları maraqlandıran suallar cavablandırılmış, qaldırılan bir sıra müraciətlər araşdırılması üçün yerində qeydiyyata alınmışdır.
"Report"