Dövlət Gömrük Komitəsinin (DGK) qarşısında yeni hədəflər var və gömrük orqanları növbəti illərdə bu hədəflər çərçivəsində öz işini qurmalıdır.
Bunu Bakıda keçirilən "Gömrük islahatları: Çağırışlar və imkanlar" mövzusunda ictimai müzakirələrdə Komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
O, əsas hədəfin yeni mərhələdə gömrük orqanlarının fəaliyyətində şəffaflıq səviyyəsinin yüksəldilməsi olduğunu qeyd edib.
"Digər hədəflər isə sahibkarlıq subyektləri, vətəndaşlar və gömrük əməkdaşlarının məmnunluğunun təmin edilməsi, büdcə daxilolmalarında gömrük ödənişlərinin dayanıqlılığının təmin edilməsi, rəqəmsal gömrük sisteminin yaradılması, güclü və etibarlı hüquq-mühafizə tədbirlərinin həyata keçirilməsidir. Bu hədəflərin hansının birinci prioritet olmasından söhbət getmir. Hamısı bizim üçün prioritetdir. Sadəcə balanslaşdırılmış gömrük idarəetməsi baxımından gömrük xidməti mütləq bu hədəflərə çatacaq", - sədr əvəzi vurğulayıb.
"Bu hədəflərə çatmaq üçün Komitənin fəaliyyət planı müəyyən olunub, müxtəlif istiqamətlər üzrə işçi qrupları yaradılıb. Əmin edirəm ki, gömrük xidməti biznesə, iqtisadiyyata, cəmiyyətə xidməti yüksək səviyyədə təşkil edəcək, ən azından bu sahədə diqqəti daha da artıracaq. Biz həmişə biznes-hökumət partnyorluğunu öndə tuturuq", - deyə Ş.Bağırov əlavə edib.