BİZNES

19 Dekabr

Mövlan Paşayev İllik İnnovasiya Sammiti 2022-də çıxış edib

“PwC Azərbaycan” şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev PAŞA Holdinqin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilmiş ilk İllik İnnovasiya Sammiti 2022-də panel müzakirələrində iştirak edib. Sammit dekabrın 13-də Bakı Konqres Mərkəzində baş tutub.

Panelin mövzusu “Sıfır Emissiya Dünyada Enerji” olub; müzakirələrdə “Shell”-in keçmiş baş direktoru Jeroen van der Veer, BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov, TotalEnergies-in idarəedici direktoru Regis Aqut iştirak ediblər. Panelin moderatoru Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov olub.

Cənab Paşayev texnologiyaların iqlim dəyişikliyinə təsiri, qlobal innovasiya tendensiyaları və sabahın yeni texnologiyalarına investisiyalardan danışıb. O, həmçinin PwC-nin müştərilərə iqlimə təsirlərini azaltmaqda və tənliyin digər tərəfini - iqlimin onlara təsirini həll etməkdə necə kömək etdiyinə dair nümunələr paylaşıb.

PwC-nin keçirdiyi CEO sorğusunun nəticələrinə əsasən “şirkətlərin 50%-dən çoxu gələcək strategiyanın innovasiyaları ehtiva etməli olduğunu hesab edir. Bununla belə, innovasiyaların inkişafına təkan vermək üçün lazımi imkanlara və resurslara malik dinamik ekosistemin formalaşması vacibdir”, - deyə Mövlan Paşayev bildirib.

Həllyönümlü yanaşmalar təklif edən peşəkarlar olaraq, biz müştərilərimizə iqlim dəyişikliyinin biznesləri üçün yaratdığı real riskləri anlamağa yardım etməklə, bu çatışmazlığı aradan qaldırmağa kömək edirik.

Sammitin məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və beləcə ölkə və regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir.