BİZNES

19 Dekabr

“İKT mütəxəssislərinə tələbat 20 minin üzərindədir”

“Azərbaycanda İKT mütəxəssislərinə tələbat 20 minin üzərindədir”.

“Fins.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib. 

O qeyd edib ki, Azərbaycanda İKT sahəsində mütəxəssislərin hazırlanmasının sayının artırılmasın ehtiyac var: “Dünyada gedən proses belədir ki, İKT sahəsində fəaliyyət göstərən mütəxəssislər Avropadan ABŞ-yə axın edir. Asiyada olan mütəxəssis Koreyaya axın edir. Bu axının qarşısında heç kəs, Avropanın özü də dura bilmir. Burada ən doğru addım daha çox mütəxəssis yetişdirməkdir. Azərbaycanda İKT mütəxəssislərinə tələbat 20 minin üzərindədir. Azərbaycanda hər il bu sahədə 3500 kadr hazırlanır. Belə olan halda biz bu açığı, boşluğu nə qədər çox qapatsaq, daha yaxşıdır”.

Deputat eyni zamanda bu sahədə Belarusu nümunə gətirib: “Xaricə ən çox mütəxəssis gedən ölkələrdən biri də Belarusdur. Belarusun universitetləri il ərzində 100-120 min mütəxəssis yetişdirir. Onlar düşünürlər ki, onun 10-15 mini də ölkədə qalsa, belə bəsdir. Qalanları ölkədən gedə bilər. Biz buna nail olmalıyıq”.