BİZNES

19 Dekabr

Xankəndi-Laçın yolunda keçirilən aksiya Nyu-Yorkda nümayiş olundu

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası səkkiz gündür davam edir. “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Yaşasın Azərbaycan!”, “Ekoloji terrora son”, “Mina terroruna son” şüarları ilə keçirilən aksiyada vətəndaş cəmiyyəti insitutlarının nümayəndələri və gənclər iştirak edirlər.

Qeyd edək ki, aksiyaya səbəb dekabrın 3-də və 7-də İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparılmasına əraziyə müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin tərəfindən maneçilik törədilməsidir.

Qeyri-hökumət təşkilatları fəallarının və ölkə gəncliyinin keçirdiyi aksiya beynəlxalq miqyasda da maraqla qarşılanıb. Azərbaycan Beynəlxalq Biznes Parntyorları Klubu (BPC), meyvə-tərəvəz idxal-ixrac şirkəti – “Agromix” və Mediamark agentliyi ABŞ-ın mərkəzində Xankəndi-Laçın yolunda keçirilən aksiyaya dəstək məqsədilə təbliğat kampaniyası təşkil edib.  Nyu-Yorkun mərkəzində, Times Meydanında təbliğat posterləri nümayiş olunub. Eyni zamanda ərazidən keçən əcnəbilərə təbliğat broşürlərı paylanıb. Posterdə və təbliğat broşürlarında Azərbaycan həqiqətləri amerikalıların diqqətinə çatdırılıb, Xankəndi-Laçın yolunda keçirilən aksiyanın məqsədləri öz əksini tapıb.

Mövzu ilə bağlı danışan Azərbaycan Beynəlxalq Biznes Parntyorları Klubunun (BPC) sədri və “Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramova bildirib ki, Xankəndi-Laçın yolunda vətəndaş cəmiyyəti təmsilçilərinin və gənclərimizin etiraz aksiyasına dəstək olmaq hər bir ölkə vətəndaşının borcudur: “Qərara gəldik ki, bunu daha fərqli formada həyata keçirək. ABŞ-da, Nyu-Yorkun mərkəzində “Qarabağ Azərbaycandır”, “Təbiəti Qoruyaq” şüarları ilə dəstək kampaniyası təşkil etdik”.

Gülpəri Bayramova bildirir ki, aksiyaya böyük ictimai maraq olub: “Gün ərzində milyonlarla insan poster və büroşurlar vasitəsilə Azərbaycan həqiqətləri, Rusiya sülhməramlı kontingentinin və Ermənistan hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı həyata keçirilən mənfur siyasəti barədə məlumatlar əldə ediblər” – xanım iş adamı vurğulayıb.