Hədəfli maliyyə sanksiyalarının tətbiqi qaydası müəyyənləşir.
Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni hazırlanan qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün fiziki şəxslər və ya qurumlar, o cümlədən "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanununda nəzərdə tutulmuş öhdəlik daşıyan şəxslər (bundan sonra öhdəlik daşıyan şəxslər), habelə auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri- hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri bu qanunda nəzərdə tutulan aktivləri beynəlxalq və ölkədaxili siyahılar hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında dərc edildiyi vaxtdan təxirəsalınmadan və həmin şəxslərə xəbərdarlıq etmədən dondurmalı və dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), habelə maliyyə monitorinqi orqanına həmin internet informasiya ehtiyatı vasitəsilə məlumat verməlidirlər.
Beynəlxalq siyahılara daxil edilmiş fiziki şəxslərin və qurumların siyahısı Birləşmiş Millətlər Təşkilatı tərəfindən elektron qaydada dərc edildikdən dərhal sonra proqram təminatlarının inteqrasiyası vasitəsilə avtomatik olaraq hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirilir və yenilənir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında təsdiq edir.
Bu qanunda nəzərdə tutulmuş aktivlər sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar müvafiq siyahıda olduğu müddətdə dondurulmuş saxlanılmalı yalnız onlar siyahıdan çıxarıldıqdan sonra təxirəsalınmadan azad edilməlidir.
Sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların, eləcə də həmin fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumların, habelə həmin fiziki şəxslərin və qurumların adından və ya onların tapşırığı ilə göstərən fiziki və qurumların Azərbaycan Respublikasının ərazisində fiziki şəxslər və ya qurumlar tərəfindən aktivlərlə, iqtisadi resurslarla, maliyyə və ya digər əlaqəli xidmətlərlə birbaşa və ya dolayı yolla, təkbaşına və ya başqaları ilə birlikdə təmin edilməsi qadağandır.
Aktivləri səhvən dondurulmuş fiziki şəxslərin və qurumların aktivləri həmin fiziki şəxslərin və qurumların hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı vasitəsilə edilən müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq uyğunsuzluq təsdiq edildikdən sonra təxirəsalınmadan azad edilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin müraciətə dərhal baxmalıdır.
Aktivlərin dondurulması tədbirlərinin tətbiqi nəticəsində hüquqları pozulmuş fiziki şəxslər və ya qurumlar öz hüquqlarının müdafiəsi və onlara dəymiş zərərin məqsədilə məhkəməyə müraciət edə bilərlər.
Bu qanunda nəzərdə tutulmuş fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Bu Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.