Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Polşanın innovasiyalar sahəsində təcrübəsini öyrənməkdə maraqlıdır.
Bunu KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov innovasiyalar üzrə Polşa-Azərbaycan seminarında deyib.
"Bizim birgə təşəbbüsümüz biznes icmalarımız üçün platforma yaratmağa kömək edəcək", - deyə O.Məmmədov bildirib.
Bu baxımdan o, Polşanın “Startup Hub Poland” fondu ilə əməkdaşlığın rolunu xüsusi vurğulayıb:
"Bu əməkdaşlıq qurumlarımız arasında təcrübə mübadiləsinə mühüm töhfə verəcək".
KOBİA-nın fəaliyyətindən danışan sədr qeyd edib ki, agentlik yeni texnologiyalar tətbiq etmək və yeni bazarlara çıxmaq niyyətindədir.
"Agentliyimizin əsas diqqət mərkəzində innovativ biznesin və startap ekosisteminin yaradılmasıdır. Mən, həmçinin, işğaldan azad edilmiş ərazilərdə uğurla həyata keçirilən ağıllı qəsəbə konsepsiyasının əhəmiyyətini vurğulamaq istərdim. Məsələn, belə qəsəbə artıq Zəngilanda fəaliyyət göstərir”, - deyə O.Məmmədov bildirib.