Caspian Energy Club sədri və qrupun baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə Azərbaycan sahibkarlarının nümayəndə heyəti Daşkənd və Səmərqənd şəhərlərinə işgüzar səfər edib. Bu barədə Caspian Energy Club-ın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi və Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə Caspian Energy Club tərəfindən Daşkənddə təşkil olunmuş B2B forumunda Azərbaycan şirkətlərinin top menecerləri və onların özbəkistanlı həmkarları iştirak ediblər. Açılış mərasimində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Özbəkistanın Ticarət-Sənaye Palatasının sədrləri və üzvləri, “Uzpromstroymaterialy”, “Uztekstilprom”, “Uzeltexsanoat” kimi assosiasiyaların üzvləri, habelə özəl sektorun nümayəndələri iştirak ediblər. Forum çərçivəsində çoxsaylı işgüzar görüşlər keçirilib, iki ölkənin sahibkarları arasında əməkdaşlıq müzakirə olunub. Müzakirələr çərçivəsində azərbaycanlı iş adamları sahibkarlıq fəaliyyətləri barədə qarşı tərəfə ətraflı məlumat verib, Özbəkistan şirkətlərini əməkdaşlığa dəvət ediblər. B2B forumunun yekunlarına əsasən, Caspian Energy Club-ın İdarə Heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və Caspian Energy Uzbekistan İdarə Heyətinin sədri Tehran Əliyev səfir Hüseyn Quliyevə, Özbəkistanın dövlət strukturlarının nümayəndələrinə, eləcə də klubun fəxri üzvlərinə sertifikatlar və Caspian Energy jurnalının Azərbaycanın investisiya imkanlarına və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan işlərə həsr olunmuş xüsusi buraxılışını təqdim ediblər.
Caspian Energy Club-ın nümayəndə heyəti həmçinin Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyini ziyarət edib, nazirliyin əsas idarələrin rəhbərləri ilə görüşdə iştirak ediblər. Görüş zamanı klub üzvlərinə nazirliyin fəaliyyəti, Özbəkistanda aqrar-sənaye şirkətlərinin rahat işləməsi üçün yaradıldığı şərait haqqında məlumat verilib. Görüşdə Telman Əliyev nazirliyin nümayəndələrinə öz təşəkkürünü bildirib, tədbir iştirakçılarına Azərbaycanda aqrar-sənaye şirkətləri üçün yaradılan şəraitdən danışıb və iştirakçılara ikitərəfli əməkdaşlığın inkişafına dair təkliflər paketini təqdim edib.
Daşkənd şəhərinin tekstil və sənaye müəssisələri ilə tanışlıq zamanı Caspian Energy Club-ın üzvləri sektorun texniki, logistik və təşkilati imkanları ilə tanış olublar. Azərbaycanlı iş adamları istehsalın təkmilləşdirilməsi və enerji səmərəliliyi ilə bağlı öz suallarını dilə gətirib, bir sıra təkliflər veriblər.
Günün sonunda VITAM şirkəti Azərbaycan və Özbəkistan sahibkarları üçün şam yeməyi CEO Diner təşkil edib.
Caspian Energy Club üzvləri Özbəkistana səfərlərinin ikinci günü Özbəkistanın sərgi mərkəzində yer alan 17-ci Beynəlxalq Qida Sənayesi və Qida Məhsulları “UzProdExpo-2022” sərgisinə baş çəkib, burada yerləşən sənaye stendlərini ziyarət edib, Özbəkistanlı həmkarları ilə əməkdaşlığı müzakirə ediblər.
Klub üzvləri həmçinin “Texnopark” MMC-nin ərazisini də ziyarət ediblər. “Texnopark” MMC-nin direktor müavini Əzim Əzəmətov və şirkət mütəxəssisləri qonaqlara şirkətin fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat veriblər. Görüş çərçivəsində iştirakçılara hazır məhsullar nümayiş etdirilib, "Texnopark"-ın ərazisində yerləşən sənaye zonalarına infotur keçirilib.
Günün sonunda “Caspian Service” şirkəti Azərbaycan və Özbəkistan sahibkarları üçün CEO Diner ziyafəti təşkil edib.
Səfərin üçüncü günü “Caspian Energy Turkiye” şirkətinin İdarə Heyətinin sədri Süleyman Məcidli türkiyəli həmkarları ilə birlikdə Türkiyə-Özbəkistan biznes forumunda iştirak edib. Tədbirdə S.Məcidli Türkiyə Respublikasınin Ticarət nazirinin müavini Sezaya Uçarmaka Azərbaycanın investisiya imkanlarına, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasında aparılan işlərə həsr olunmuş “Caspian Energy” jurnalının xüsusi buraxılışını təqdim edib.
Eyni gün Caspian Energy Club-ın nümayəndə heyəti Özbəkistan Respublikasının İnvestisiyalar və Xarici Ticarət Nazirliyini ziyarət etmiş, burada Özbəkistan Respublikasının İnvestisiyalar və Xarici Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların cəlb edilməsi Agentliyinin direktor müavini Oybek Elmuratov ilə görüşmüşlər. Görüşdə azərbaycanlı iş adamlarına Özbəkistanda investisiya şəraiti, biznes və iqtisadi əlaqələrin inkişafı imkanları barədə məlumat verilib. Oybek Elmuratov çıxışı zamanı Caspian Energy Club-ın pandemiya dövründə təşkil etdiyi onlayn forumlarında fəal iştirak etdiyini və hər iki ölkənin sahibkarları arasında səmərəli əməkdaşlığın gələcəktə də davam edəcəyinə ümid etdiyini bildirib.
Caspian Energy Club-ın nümayəndə heyəti həmçinin Daşkənd şəhər icra hakimiyətinin sərmayələr və xarici ticarət üzrə müavini Şərof Rahmanov ilə görüşdə iştirak edib. Görüş zamanı bütün top menecerlər öz fəaliyyətləri və Özbəkistanda bizneslərini inkişaf etdirmək və genişləndirmək planları barədə danışıblar. İclasda “Caspian Service” investisiya və tikinti şirkətinin Direktorlar Şurasının sədri Rəhim Sultanov Daşkənddə “Bakı məhəlləsi”nin (Bakı kvartalının) tikintisini təklif edib. Bakının memarlıq üslubunu təcəssüm etdirən analoji layihələr artıq Astanada və Caspian Service-in fəaliyyət göstərdiyi bir sıra digər şəhərlərdə də həyata keçirilib.
Sahibkarlar həmçinin Daşkənd şəhərinin icra hakimiyətinin informasiya və kommunikasiya texnologiyalarının inkişafı şöbəsinin müdiri Əlixan Əhmədjonovla görüşüblər. Görüşdə rəqəmsal transformasiya məsələlərində Özbəkistan və Azərbaycan sahibkarları arasında daimi dialoqun və əməkdaşlığın davam etdirilməsi müzakirə olunub.
Günün sonunda NANT şirkəti Azərbaycan və Özbəkistan sahibkarları üçün CEO Diner ziyafəti təşkil edib.
Işgüzar səfərin son günündə Caspian Energy Club-a üzv olan şirkətlərin top-menecerləri Səmərqənd şəhərində olublar və burada Səmərqənd vilayətinin icra başçısının müavini – investisiya və xarici ticarət şöbəsinin müdiri Oybek Mirzəbəyov ilə görüşdə iştirak ediblər. Görüşdə ikitərəfli əməkdaşlıq və Səmərqənd və Azərbaycan sahibkarları üçün birgə tədbirlərin keçirilməsi imkanları müzakirə olunub.
Səfər çərçivəsində Azərbaycan və Özbəkistan sahibkarları arasında fərdi görüşlər, Səmərqənddə fəaliyyət göstərən sənaye müəssisələrinə və şirkətlərin ofislərinə işgüzar turlar da təşkil olunub.
Rəsmi görüşlər başa çatdıqdan sonra Azərbaycandan olan fərdi sahibkarlar Səmərqənd şəhərinin turistik yerləri ilə tanış olublar.
Günün sonunda “Yağmur-2” şirkəti Azərbaycan və Özbəkistan sahibkarları üçün CEO Diner ziyafəti təşkil edib.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
“Biznes-networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.