BİZNES

14 Dekabr

Böyük Britaniyada inflyasiya son 41 ilin ən yüksək səviyyəsindən aşağı düşüb

Böyük Britaniya Statistika İdarəsinin məlumatına görə, illik inflyasiya oktyabrdakı 11,1 faizdən noyabrda 10,7 faizə enib.

Fins.az xəbər vverir ki, iqtisadçıların gözləntiləri 10,9 faiz idi.

İnflyasiyanın sürətinin aşağı düşməsinə benzin, geyim və ikinci əl avtomobil qiymətlərindəki geriləmə səbəb olub.

Baza inflyasiya oktyabrda 6,5 ​​faiz artdıqdan sonra noyabrda 6,3 faiz artıb. Xidmətlər inflyasiyası 6,3 faiz səviyyəsində qalıb ki, bu da son 30 ilin ən yüksək göstəricisidir.

Açıqlanan məlumatların enerji və qida xərclərinin artmasından mənfi təsirlənən ev təsərrüfatları üçün qənaətbəxş olacağı gözlənilsə də, İngiltərə Mərkəzi Bankının faiz qərarlarında dəyişikliyə səbəb olacağı gözlənilmir. Mərkəzi Bankın cümə axşamı keçiriləcək iclasında inflyasiyanın qarşısını almaq üçün bu il doqquzuncu dəfə faiz dərəcələrini artıracağı gözlənilir. Artımların 2023-cü ilin ilk yarısında davam edəcəyinə dair mesajlar da verilə bilər.

Analitiklər qeyd edir ki, məlumatlar inflyasiyanın pik həddinə çatdığını göstərir. Bununla belə, inflyasiya təzyiqləri geniş miqyaslıdır.

Dünən ABŞ-da açıqlanan məlumatlar illik 7,1 faizə düşən inflyasiyada pik nöqtənin müşahidə edildiyinə diqqəti çəkib.