BİZNES

14 Dekabr

Gömrük Komitəsinin sorğusuna görə, gömrük xidmətlərindən məmnunluq 80% təşkil edir

Dövlət Gömrük Komitəsi xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri üçün onlayn sorğu keçirib.

Komitənin yaydığı məlumata görə, xarici ticarət iştirakçılarına və gömrük təmsilçilərinə təqdim edilən sorğu gömrük xidmətlərindən məmnunluq, o cümlədən elektron xidmətdən istifadə, gömrük orqanlarında islahatlar, şəffaflıq, gömrük qanunvericiliyi və s. mövzuları əhatə edib, eyni zamanda gömrük orqanları tərəfindən göstərilən xidmətlərin daha da inkişaf etdirilməsi üçün müvafiq təkliflərin verilməsi şəraitini yaradıb.

222 xarici ticarət iştirakçıları tərəfindən təqdim olunan cavablarda respondentlərin ümumi məmnunluq dərəcəsi 80% təşkil edib. Gömrük təmsilçiləri üçün keçirilən sorğuda isə alınan 313 cavabda gömrük xidmətlərindən ümumi məmnunluq dərəcəsi 84% təşkil edib. Respondentlər ümumilikdə 295 təklif irəli sürüblər.

Hər iki sorğunun nəticələri və verilən təkliflər dəyərləndirilib.

Gələcəkdə bu kimi sorğuların mütəmadi keçirilməsi nəzərdə tutulub.

Dövlət Gömrük Komitəsi belə sorğuların keçirilməsi zamanı xarici ticarət iştirakçılarının aktiv iştirakını xahiş edir.