Azerconnect və AzerTelecom şirkətlərinin rəhbər heyətinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan tələbələrlə “Gələcəyin sənin əlindədir” mövzusunda görüşü baş tutub.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq şəraitində təşkil olunmuş tədbirdə Univesitetdə informasiya texnologiyaları istiqaməti üzrə təhsil alan tələbələr iştirak edib.
Tələbələrlə şirkətlərin rəhbər heyətinin görüşünün təşkilində məqsəd tələbələrlə geniş fikir mübadiləsinin aparılması, onların ölkəmizdə telekomunikasiya sektorunun gələcəyi, İKT sahəsində müasir tendensiyalarla tanış edilməsi, Azerconnect və AzerTelecom şirkətlərində tələbələr üçün mövcud iş, təcrübə imkanlarının diqqətə çatdırılması və şirkətlərin rəhbərliyi ilə tələbələr arasında birbaşa ünsiyyətin qurulmasıdır.
Tədbirdə Azerconnect şirkətinin İnsan resursları üzrə baş müdiri Mətanət Babayeva, İnformasiya texnologiyaları üzrə direktoru Pərviz İsmayılov, eləcə də AzerTelecom şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze iştirak ediblər. Spikerlər İKT sahəsində gələcəyin peşələri, İT və telekommunikasiya sektorunun gələcək inkişafı, bu günün və gələcəyin interneti kimi mövzular ətrafında danışıb, tələbələrin çoxsaylı suallarını cavablandırıblar. Tədbir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorunun İnformasiya texnologiyaları və innovasiyalar üzrə müşaviri Rasim Abdullayevin moderatorluğu ilə keçirilib.
Azerconnect şirkəti ölkənin dinamik şəkildə inkişaf edən informasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir. AzerTelecom şirkəti isə Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Azerconnect və AzerTelecom müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.