Azərbaycan 2023-cü ildə azad edilmiş ərazilərin – Qarabağ və Şərqi Zəngəzurun bərpası, quruculuğu və reinteqrasiyası işlərinə $1,8 milyard yönəldəcək. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
“Azərbaycan postmünaqişə dövründə azad edilmiş ərazilərin bərpası, quruculuğu və reinteqrasiyası üzrə genişmiqyaslı işlərə başlaıb. 2023-cü ildə dövlət büdcəsindən bu məqsədlərə $1,8 milyard ayrılacaq”, - Bayramov bazar ertəsi Brüsseldə Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” Proqramı iştirakçı ölkələrin Xarici İşlər Nazirlərinin görüşündə çıxışında bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə 700 minə yaxın məcburi köçkünün öz evlərinə qayıtmasından ibarət “Böyük qayıdış” proqramının reallaşdırılmasına başlanılıb.
“Azərbaycan, həmçinin post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını onların bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlara sahib olmasına zəmanət verməklə yenidən cəmiyyətimizə inteqrasiya etmək niyyətindədir. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası mühüm hüquqi baza təmin edir”, - Bayramov deyib.
XİN başçısı vurğulayıb ki, “Azərbaycan hökuməti ilə yerli etnik erməni sakinlər arasında dialoqun və təmasların genişləndirilməsi dinc birgə yaşayışın təmin edilməsinə istiqamətlənib, prosesin təşviq edilməsi və dəstəklənməsinə ehtiyac var”.
Onun sözlərinə görə, Azərbaycan ərazilərinin minalarla və digər partlayıcı maddələrlə çirklənməsi postmünaqişə dövrdə əsas təhlükədir.
"Azərbaycan Aİ-nin minatəmizləmə sahəsində humanitar köməyini yüksək qiymətləndirir. Lakin problemin miqyasını və ciddiliyini nəzərə alsaq, bununla mübarizə aparmaq üçün beynəlxalq həmrəylik və dəstək vacib xarakter daşıyır", - Bayramov qeyd edib