BİZNES

13 Dekabr

Daşıma şirkətlərinin məhsulları gec çatdırmaları barədə şikayətlər var

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində elektronika məhsullarının satışını həyata keçirən, eləcə də daşıma xidməti göstərən şirkətlərin nümayəndələri ilə görüş keçirilib. 

Xidmətin yaydığı məlumatda bildirilir ki, görüş zamanı cari ildə Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətləri müzakirə edilib.

Qeyd olunub ki, müraciətlərin əksəriyyəti daşıma şirkətlərinin məhsulları gec çatdırması, daşıma şərtləri və qaydaları barədə düzgün məlumat verməməsi, elektronika məhsullarının lazımi keyfiyyətdə olmaması, məhsulun dəyişdirilmə və ya geri qaytarılma qaydaları ilə bağlı olub.

Tədbirdə istehlakçı hüquqları ilə bağlı qanunvericilik, o cümlədən ticarət şəbəkələrində tətbiq olunan kampaniyalar zamanı istehlakçı hüquqlarına dair tələblər sahibkarların nəzərinə çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.