BİZNES

09 Dekabr

“Caspian Energy Club” İKT sektoruna həsr olunmuş “CEO MEET UP” tədbirini təşkil etdi

“Caspian Energy Club”-ın təşkilatçılığı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) həmtəşkilatçılığı ilə “Kibertəhlükəsizlik, rəqəmsal transformasiyaya keçid və innovativ texnologiyaların tətbiqi” mövzusuna həsr olunmuş “CEO MEET UP” keçirildi. Bu barədə “Caspian Energy Club”-ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Tədbirin keçirilməsinin əsas məqsədi rəqəmsal transformasiya dövründə kibertəhlükəsizliyin əhəmiyyəti, rəqəmsal transformasiyaya keçid və innovativ texnologiyaların tətbiqi oldu.

Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin Sədri (DOST) Fərid Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin İdarə Heyətinin Sədr Müşaviri (KOBİA) Teymur Cəfərov, Asiya İnkişaf Bankının İnvestisiyalar üzrə Baş İnzibatçı (ADB) Sənan Şabanov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Sədri Elvin Balacanov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Şöbə Müdiri Nadir Novruzov, İnterprobe-un CEO Mahir Yüksel və IT Grup SRL AR brunch-ın CEO-su Araz Eyyubov spiker qismində, AzerTelecom MMC-nin Direktorlar Şurasının Sədri  Fuad Allahverdiyev və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədr müavini Rauf Cabarov isə moderator qismində çıxış etdilər.

Görüşdə çıxış edən “Caspian Energy Club”-ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev iştirakçılara dərin minnətdarlığını bildirdi və İKT sahəsi əməkdaşlarının peşə bayramını təbrik etdi. Telman Əliyev çıxışı zamanı qonaqlara klubun informasiya-kommunikasiya texnologiyaları sahəsində əsas fəaliyyət istiqamətləri haqqında məlumat verdi və qeyd etdi ki, klub “CEO MEET UP” tədbirlərini hər ay davam etdirməyi planlaşdırır. Telman Əliyevin sözlərinə görə, bu görüşlər təkcə İKT sahəsini deyil, həm də sənaye, marketinq və s. sahələri əhatə edəcək. Telman Əliyev “Caspian Energy Club”-ın daha əvvəl təşkil etdiyi "yaşıl enerji" mövzusuna həsr olunmuş Caspian Energy MeetUp haqqında tədbir iştirakçılarına məlumat verdi.

Panel müzakirələri çərçivəsində iştirakçılar rəqəmsal transformasiyadan yaranan risklər və onların qarşısının alınması üçün görülən tədbirlər, bu risklərin dövlət informasiya sistemləri üçün yaratdığı çətinliklər, o cümlədən ölkəmizdə kibertəhlükəsizlik şirkətlərin yaradılması və inkişafı zərurətini müzakirə etdilər. Tədbir iştirakçıları, həmçinin rəqəmsal transformasiyanın dövlət qurumları qarşısında açdığı imkanları, ölkəmizdə informasiya sistemlərinə hücumları, Türkiyə Respublikasının təcrübəsinə əsaslanan kibertəhlükəsizlik ekosisteminin inkişafı üçün tövsiyələri, “Beyin axını” fenomenini (“brain drain”) və onun ölkəmizin İT sektorunun inkişafına təsiri müzakirə edildi. Spikerlər hazırda bölgələrdə kiçik və orta biznesin (KOB) üzləşdiyi problemlər və bu problemlərin həllində rəqəmsallaşmanın hansı imkanlar yaratdığı, Azərbaycan banklarının müasir rəqəmsal transformasiyasının vəziyyəti və digər məsələlər barədə bəhs etdilər.

Tədbirin sonunda “Caspian Energy Club” qonaqlarına sertifikatlar təqdim etdi.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

“Biznes-networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.