BİZNES

07 Dekabr

Əmlak və maliyyə məsələlərində üçüncü şəxslərə güvənmək üçün görüləcək tədbirlər müəyyənləşir

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində üçüncü şəxslərə güvənmək üçün hansı tədbirlərin görülməli olduğu müəyyənləşir.

Fins.az-ın xəbərinə görə, bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, öhdəlik daşıyan şəxslər digər öhdəlik daşıyan şəxslərin (üçüncü şəxslərin) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində önləyici tədbirlərə uyğun olaraq apardıqları müştəri uyğunluğu tədbirlərinə və ya işgüzar münasibətlərin yaradılması məqsədilə yeni müştərinin təqdimatı zamanı digər öhdəlik daşıyan şəxslər tərəfindən əldə edilmiş məlumat və sənədlərə güvənə bilərlər. Üçüncü şəxslərə güvənilən hallarda bu Qanunun tələblərinə əməl edilməsinin məsuliyyəti güvənən öhdəlik daşıyan şəxslərin üzərinə düşür. Bu zaman öhdəlik daşıyan şəxslər aşağıdakı tədbirləri görməlidirlər:

- öhdəlik daşıyan şəxslər digər öhdəlik daşıyan şəxslərin (üçüncü şəxslərin) bu cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində önləyici tədbirlərə uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədləri üçüncü şəxslərdən dərhal almalı;

- eyniləşdirmə məlumat və sənədlərinin və müştəri uyğunluğu tədbirlərinin tələblərinə əməl edilməsinə dair müvafiq məlumat və sənədlərin surətlərinin üçüncü şəxsdən sorğu əsasında təxirəsalınmadan (hər bir halda sorğu edilən iş gününün sonundan gec olmayaraq) əldə olunacağına əmin olmaq üçün addımlar atmalı;

– Qanunla müəyyənləşdirilmiş istisna hallara uyğun olaraq müştəri uyğunluğu tədbirlərinin təkrar həyata keçirilməsi;

- Üçüncü şəxslər tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinə, habelə həmin şəxslər üzərində təsis edildikləri, idarə edildikləri və ya fəaliyyət göstərdikləri ölkədə (ərazidə) dövlət tərəfindən effektiv monitorinq və nəzarət mexanizminin olduğuna əmin olmalıdırlar.

Öhdəlik daşıyan şəxslər xarici yurisdiksiyada yerləşən öhdəlik daşıyan şəxslərin müştəri uyğunluğu tədbirlərinə və ya işgüzar münasibətlərin qurulması üzrə vasitəçilik xidmətlərinə və həmin şəxslər tərəfindən əldə edilmiş məlumat və sənədlərə güvəndiyi hallarda, həmin şəxslərin aid olduğu yurisdiksiyanın riskliliyini nəzərə almalıdırlar. Öhdəlik daşıyan şəxslər eyni maliyyə qrupu (holding) daxilində olan digər öhdəlik daşıyan şəxslərin müştəri uyğunluğu tədbirlərinə və ya işgüzar münasibətlərin qurulması üzrə vasitəçilik xidmətlərinə va həmin şəxslər tərəfindən əldə edilmiş məlumat və sənədlərə yalnız maliyyə qrupu (holding) tərəfindən bu Qanunun tələblərinin tətbiqinə və həmin maliyyə qrupu (holding) üzərində nəzarət orqanı tərəfindən effektiv nəzarətin həyata keçirildiyinə əmin olduqları halda güvənə bilərlər. Bu zaman həmçinin daxili nəzarət proqramları çərçivəsində yüksək riskli zonalara münasibətdə risklərin azaldılması tədbirləri həyata keçirilməlidir.