BİZNES

07 Dekabr

Azərbaycanda "Yaşıl maliyyə"yə dair Yol Xəritəsinin hazırlanması təklif olunur

Azərbaycanda "Yaşıl maliyyə" imkanlarının genişləndirilməsi üçün Yol Xəritəsinin hazırlanmasına ehtiyac var.

Fins.az xəbər verir ki, bunu Dünya Bankının mütəxəssisi Saşa Ayxberqer təmsil etdiyi qurumun və İqtisadiyyat Nazirliyinin birgə təşəbbüsü ilə keçirilən “Azərbaycan Yaşıl İnkişafa doğru” hesabatının təqdimatında bildirib.

"Yaşıl investisiya" alətlərinə dövlət dəstəyi kapital bazarlarına və maliyyə institutlarına sabitlik gətirə, qısa müddətdə sosial və ekoloji problemlərlə mübarizədə əsas yer tuta bilər", - deyə o qeyd edib.

Hesabata görə, Azərbaycan Mərkəzi Bankı (AMB) "yaşıl" inkişaf proqramını dəstəkləmək baxımından mühüm addım hesab olunan Dayanıqlı Maliyyə Yol Xəritəsi üzrə Fəaliyyət Planının (2022-2025) tətbiqinə başlayıb. Azərbaycan üçün "yaşıl maliyyə" alətlərinin tam təhlili hələ aparılmasa da, aktivlərin şaxələndirilməsinin həm də vəsaitlərin artmasına səbəb ola biləcəyi ehtimal edilir.

Dünya Bankı hesab edir ki, hökumətin "yaşıl" investisiyalara dəstəyi əsas şərtləri dəyişdirə, kapital bazarlarının və maliyyə institutlarının sabitliyini təmin edə bilər: "Qısamüddətdə perspektivdə dövlət maliyyəsi əsas sosial və ekoloji problemlərin həllində mühüm rol oynayacaq. Qısamüddətli mənfəət əldə etmək zərurəti ilə üzləşmədiyindən o, bazarın formalaşmasında mühüm rol oynaya bilər”.

© Report