BİZNES

05 Dekabr

Lavrov: “2022-ci ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi rekord 4 milyard dolara çata bilər”

2022-ci ilin yekunları üzrə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi rekord $4 milyarda çata bilər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Rusiya Azərbaycanın aparıcı ticarət tərəfdaşlarından biridir. Bu ilin 10 ayı ərzində ticarət dövriyyəsi $3 milyardı ötüb, ilin yekunları üzrə isə rekord $4 milyard gözləyirik”, - deyə o bildirib.

Lavrovun sözlərinə görə, Rusiyanın iqtisadi operatorları, həmçinin azərbaycanlı həmkarlarla birgə layihələrdə, o cümlədən Azərbaycan ərazilərinin bərpasında fəal şəkildə iştirak etməyə hazırdır. “Gündəlikdə bir sıra iri layihələrin, o cümlədən “QAZ” yük maşınlarının istehsalı, “Rusiya helikopterləri” servis mərkəzinin inkişaf etdirilməsi kimi mühüm layihələrin həyata keçirilməsi durur”, - deyə o əlavə edib.

Öz növbəsində, Bayramov RF ilə ticarət və investisiya münasibətlərində müsbət dinamikanın davam edəcəyinə ümidvar olduğunu bildirib. “Ticarət-iqtisadi və investisiya əməkdaşlığının, elmi-texniki əməkdaşlığın və humanitar əlaqələrin uğurlu inkişafından danışarkən, ölkələrimiz arasında təsdiq edilmiş və razılaşdırılmış yol xəritələrinin icrasının vacibliyini ayrıca qeyd etmək lazımdır. Artıq qeyd olunub ki, 2022-ci il növbəti uğurlu ildir və 10 ayın yekunları üzrə ticarət dövriyyəsi $3 milyardı ötüb və bu, 20% artım deməkdir. Hesab edirik ki, bu müsbət dinamika ilin sonuna qədər saxlanılacaq”, - deyə Azərbaycan XİN başçısı vurğulayıb.