Samsung şirkəti barmaq izi skanı texnologiyasının etibarlılıq səviyyəsini dəfələrlə yüksəltməyin yolunu tapıb. Samsung-un yeni texnologiyası birbaşa ekrana inteqrasiya edilən barmaq izi skanını əhatə edir. Məlumdur ki, ekrana inteqrasiya edilən bu cür skan texnologiyaları eyni anda yalnız bir barmağı skan edə bilirlər. Lakin Samsung-un Samsung Display adlı şöbəsi eyni anda bir neçə barmağı skan etməyi bacaran barmaq izi skanı texnologiyasını hazırlamağı planlaşdırır. Müvafiq texnologiya 2 il ərzində hazırlanmalıdır.
Gözləntilərə əsasən sözügedən texnologiya OLED 2.0 adlı yeni nəsil ekranların hazırlanması üçün nəzərdə tutulmuş həllər əsasında yaradılacaq. Şirkət yeni növ barmaq izi skanı texnologiyasını öz məhsullarına 2025-ci ildə inteqrasiya etməyi planlaşdırır. Məlumatda qeyd edilib ki, Samsung-un yeni nəsil barmaq izi skanı texnologiyası eyni anda 3 barmağı skan edə biləcək. Bu isə öz növbəsində sözügedən üsul vasitəsilə reallaşdırılan autentifikasiyanın etibarlılıq səviyyəsini 2.5 milyard dəfə yüksəldəcək. Bundan əlavə olaraq yeni tenxologiyanın daha bir üstünlüyü ondan ibarət olacaq ki, istifadəçi skan prosesi zamanı öz barmağını ekranın istənilən nöqtəsinə toxundura biləcək.