BİZNES

25 Noyabr

Bu xidmətə görə 500 yüz manatdan artıq olan məbləğlər də nağdsız ödəniləcək

Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də nağdsız qaydada həyata keçiriləcək.

Fins.az xəbər verir ki, nağdsız qaydada həyata keçirilən hesablaşmaların dairəsi genişləndirilir. “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda təsdiq edilib.

Dəyişikliyə əsasən, bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də nağdsız qəbul edilməlidir. 

Bununla da bütün özəl tibb fəaliyyətinə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunur.

Özəl tibbi praktika - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyətdir.