BİZNES

23 Noyabr

“ASK Tekstil” MMC özəlləşdirilməyə çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə noyabrın 23-də “ASK Tekstil” MMC-yə mediatur təşkil edilib.

"Fins.az" xəbər verir ki, tədbirin məqsədi media vasitəsilə sahibkarların müəssisə haqqında məlumatlandırması, potensial investorların özəlləşdirməyə cəlb edilməsidir.

İlk olaraq KİV nümayəndələri müəssisənin infrastrukturu ilə tanış olublar. Media təmsilçilərinə müəssisənin tarixi, istehsal sahələri, texnoloji avadanlıqları, özəlləşdirilmə perspektivi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisə və obyektləri özəlləşdirməyə açılıb və bunlardan biri də “ASK Tekstil” MMC-dir. Sərəncamın icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisənin özəlləşdirməyə hazırlanması istiqamətində işlərə başlanılıb, mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti təhlil olunub, inventarlaşdırma işləri aparılıb, investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi imkanları araşdırılıb.

Hazırda məsləhətçi şirkətin iştirakı ilə müəssisənin nizamnamə kapitalının, eləcə də bazar (investisiya) dəyərinin müəyyən olunması istiqamətində işlərə başlanılıb.

Dövlət Xidməti potensial investorları özəlləşdirmədə iştiraka dəvət edir.

İnvestorlar daha ətraflı məlumat əldə etmək üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilərlər.

Qeyd edək ki, müəssisənin özəlləşdirilməsinə investorların cəlb edilməsi məqsədilə Xidmət tərəfindən 30-dan artıq xarici şirkətə müraciət ünvanlanıb və müəssisə haqqında ətraflı məlumat verilib.

“ASK Tekstil” MMC-nin investisiya müsabiqəsinə çıxarılması barədə elan 30 gün əvvəlcədən Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.