BİZNES

23 Noyabr

Dövlət Vergi Xidməti: "121 elektron xidmətimiz elektronlaşdırılıb"

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin göstərdiyi 160 xidmətdən 121-i elektronlaşdırılıb.

Bunu qurumun rəis müavini Samirə Musayeva Bakıda "Üfüqadə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" mövzusunda keçirilən forumda bildirib.

"Bu gün sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı - vergi uçotuna alınması, vergi bəyənnamələrinin təqdim edilməsi xidmətləri rəqəmsallaşıb. Bu gün rəqəmsal inzibatçılıq alətləri çox olsa da, onlardan istifadə də əlçatan olmalıdır. Biz artıq mobil tətbiqlər üzərindən xidmətlərə keçirik. Yaxın gələcəkdə sahibkarlıq fəaliyyətinin daha da şəffaflaşdırılması istiqamətində vergi ödəyicilərinin istifadə etdiyi elektron alətlərin daha yeni və daha əlçatan formaları istifadəyə veriləcək, süni intellekt alətlərindən istifadə etməklə sahibkarların sualları avtomatik şəkildə cavablandırılacaq. Bu gün biznes qeydiyyatının səmərəliliyini daha da artırmaq üçün beynəlxalq standartlara cavab verən, təhlükəsizlik tələblərini təmin edən yeni həllərin üzərində işlər gedir", - o deyib.

"Bu gün vergi ödənişləri də elektron qaydada icra edilə bilər. Amma müxtəlif kateqoriyadan olan sahibkarların vərdişlərini nəzərə alaraq daha sadə mobil tətbiqlər üzərindən həmin sahibkarların istəklərinin icrasına şərait yaradılması planlaşdırılır", - S.Musayeva əlavə edib.

(c)report