Azerconnect şirkətinin rəhbər heyətinin ADA Universitetində təhsil alan tələbələrlə görüşü baş tutub.
Tədbirin keçirilməsində məqsəd tələbələrlə şirkətin rəhbər heyəti arasında birbaşa ünsiyyətin qurulması, tələbələrin şirkətin təqdim etdiyi imkanlar barədə məlumatlandırılması, onların fikir və təkliflərinin dinlənilməsi və İKT sahəsində gələcək karyera inkişafı ilə bağlı müzakirələrin aparılması olub.
Çıxış edənlər telekommunikasiya sektorunun gələcəyi, İKT sektorunda müasir tendensiyalar və bu sferada iri işəgötürənlərdən biri olan Azerconnect şirkətində tələbələr üçün nəzərdə tutulan iş və təcrübə imkanları barədə ətraflı məlumat verib, həmçinin gənc qadınların da informasiya texnologiyaları sahəsinə cəlb edilməsi və onlar üçün karyera imkanları barədə danışıblar.
“İnsan resurslarının davamlı inkişafı, şirkətimizə gənc istedadların cəlb edilməsi fəaliyyətimizdə əsas istiqamətlərdəndir. Bu səbəbdən biz ökəmizdə müxtəlif Universitetlərlə qarşılıqlı əməkdaşlıqda maraqlıyıq. Sürətli rəqəmsallaşma dövründə biz gənc xanımların və qadınların İKT sahəsinə cəlb edilməsi istiqamətində də müxtəlif layihələr icra edir, şirkətimizdə gender bərabərliyinə, inklüzivliyə və təşkilati inkişafa aparan dayanıqlı bir iş mühiti formalaşdırırıq”, deyə Azerconnect şirkətinin İnsan resursları üzrə baş müdiri Mətanət Babayeva bildirib.
Tədbirdə həmçinin Azerconect şirkətinin İnformasiya Texnologiyaları (İT) direktoru Pərviz İsmayılov, İT üzrə tələblərin və keyfiyyətin idarəedilməsi şöbəsinin müdiri Anar Abdullayev, İT Biznes inkişafı üzrə bölmə rəhbəri Kəmalə Adilova, eləcə də AzerTelecom şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze çıxış edib, tələbələrin çoxsaylı suallarını cavablandırıblar.
Azerconnect şirkəti ölkənin dinamik şəkildə inkişaf edən informasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir. Azerconnect müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.