Azərbaycanda 35 000 gizli maynerlik proqramları aşkarlanıb.
Bu barədə “Fins.az”a “Kaspersky” şirkətindən məlumat verilib.
Bildirilir ki, bu ilin üçüncü rübündə “Kaspersky”nin mütəxəssisləri kriptomədənçilərin (kriptomaynerlərin) 150 000-dən çox yeni modifikasiyasını aşkar ediblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur.
Üçüncü rübdə maynerlər arasında ən populyar kriptovalyuta “Monero” (XMR) olub. O, gizli maynerlik üçün təhlil edilən proqram nümunələrinin təxminən yarısı (48 %) tərəfindan emal edilib. “Monero”, ondan istifadə vasitəsilə həyata keçirilən əməliyyat məlumatlarının anonim olması ilə tanınır, yəni pul kisəsinin ünvanlarını, məbləğlərini, balansını və əməliyyat tarixini müəyyən etmək mümkün deyil.
Pirat məzmun - filmlər, musiqi, oyunlar, müxtəlif proqramlar yayılan saytlarda maynerlərlə qarşılaşmaq mümkündür. Təcavüzkarlar həmçinin aradan qaldırılmamış zəifliklərdən istifadə edirlər. “Kaspersky”nin məlumatına görə, geniş məlum zəifliklərdən istifadə edən demək olar ki, hər altıncı hücumda mayner ilə yoluxmaya rast gəlinir. Əgər ilin birinci yarısında zəifliklərin köməyi ilə arxa qapılar və fidyə proqramları daha çox yayılmışdısa, üçüncü rübdə fidyə proqramları və mədənmaynerlər üstünlük təşkil edib.
“Kaspersky” şirkətinin kibertəhlükəsizlik üzrə eksperti Andrey İvanov bildirib ki, troyan mayner, sahiblərinin xəbəri olmadan, yəni gizli şəkildə kriptovalyuta yaratmaq üçün kompüterlərin və ya smartfonların gücündən istifadə edən proqramdır: “Belə proqram uzun müddət cihazda qala bilər və müəyyən bir nöqtəyə qədər heç bir şəkildə özünü biruzə verməz. Eyni zamanda, maynerlik son dərəcə resurs tələb edən bir prosesdir. O, prosessor və video kartı əhəmiyyətli dərəcədə yükləyir və nəticədə kompüter yavaşlamağa başlayır. Əlavə yük enerji istehlakının artmasına və cihazın vaxtından əvvəl sıradan çıxmasına səbəb ola bilər. Payızda bu təhlükə aktual olaraq qalır".