2022-ci ilin 1 noyabr tarixinə aktiv əmək müqavilələrinin sayı 1 milyon 728 mindən çox olub. İlin əvvəli ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 47 mindən çox artıb. Oktyabr ayı ərzində özəl sektorda 12.5 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb.
"Fins.az" xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin İdarə rəisi Nigar Vahabzadə bildirib.
"2022-ci ilin 10 ayı ərzində vergi orqanları tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində əmək müqaviləsi olmadan işə cəlb edilən 3484 şəxs aşkar olunub. Məlumat üçün qeyd edilməlidir ki, vergi orqanları tərəfindən aparılan yoxlamalar zamanı vergi ödəyicisi tərəfindən işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktları aşkara çıxarılarkən işəgötürənlərə müvafiq maliyyə sanksiyaları tətbiq olunur. Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunur"