BİZNES

18 Noyabr

Rusiya şirkəti Azərbaycanda polimer tikinti materialları zavodu tikməyi planlaşdırır

Bakı və Moskva yeni birgə layihələrin həyata keçirilməsini müzakirə edir.

Bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Bakıda deyib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan mövcud tərəfdaşlığı genişləndirmək, ticarət sahəsində ənənəvi əməkdaşlıqdan vahid iqtisadi məkanın yaradılmasına keçid etmək üçün bütün imkanlara malikdir.

“Artıq mövcud olan Rusiya-Azərbaycan layihələri ilə yanaşı, ilk müasir əczaçılıq zavodunun tikintisi layihəsi reallaşdırılma prosesində, Həştərxan vilayəti müəssisələrinin istehsal obyektlərində gəmilərin inşası mümkünlüyü, Sankt-Peterburq müəssisəsinin iştirakı ilə polimer tikinti materiallarının istehsalı zavodunun inşası müzakirə mərhələsindədir”, - deyə nazir vurğulayıb.

O qeyd edib ki, bu gün Rusiyanın 70 regionundan 900-dən çox şirkət Azərbaycanla əməkdaşlıq edir. Qarşılıqlı ticarətin artırılması üçün potensial göz qabağındadır: ixrac və idxal istiqamətlərinin dəyişdirilməsi nəzərə alınmaqla yaxın illərdə Azərbaycandan idxal 85%, Azərbaycana ixrac isə 81% arta bilər.

Reşetnikov, həmçinin Azərbaycanla Rusiya arasında ticarət-iqtisadi əməkdaşlığın ən perspektivli istiqamətlərini qeyd edib: “Nəqliyyat və logistika infrastrukturu məsələlərində Şimal-Cənub beynəlxalq dəhlizinin inkişafı prioritet təşkil edir. Buraxılış məntəqələrinin modernləşdiriləcəyi, razılaşdırılmış tarif siyasətinin müəyyən ediləcəyi halda yük daşımalarının potensial həcmi iki dəfə – 14 milyon tondan 25 milyon tona qədər arta bilər.

Nazir Avrasiya İqtisadi İttifaqı ilə inteqrasiya, qarşılıqlı investisiyalar, fasiləsiz hesablaşmaların həyata keçirilməsi və regionlarda kooperasiya layihələrinin inkişafının vahid iqtisadi məkanın yaradılması üçün digər mühüm istiqamətlər olduğunu diqqətə çatdırıb.

© “İnterfaks-Azərbaycan”