Büdcə şəffaflığının və hesabatlılığının təmin edilməsi dövlət maliyyəsi sahəsində aparılan islahatların prioritet istiqamətlərindən biridir.
"Fins.az" xəbər verir ki, bunu Bakıda keçirilən III Maliyyə və İnvestisiya Forumunda çıxış edən Maliyyə Nazirliyinin Aparatının Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin direktor müavini Rəşad Həsənov deyib.
Onun sözlərinə görə son illərdə ölkəmizdə büdcə şəffaflığının və hesabatlılığının təmin edilməsi istiqamətində də Maliyyə Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. İctimaiyyətə açıqlanan büdcə məlumatlarının və əsas büdcə sənədlərinin beynəlxalq fiskal diaqnostika aləti olan Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatının Açıq Büdcə Sorğusu (International Budget Partnership - Open Budget Survey) metodologiyasında uyğunlaşdırılması istiqamətində mühüm işlər görülüb.
Rəşad Həsənov Azərbaycanın "Açıq Büdcə İndeksi" reytinqi üzrə əhəmiyyətli dərəcədə irəliləməsini açıqlaraq “Bu tədbirlərin nəticəsi kimi, Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatı tərəfindən 2022-ci ilin 31 may tarixində dərc edilmiş 120 ölkə üzrə qiymətləndirmələri özündə əks etdirən “Açıq Büdcə Sorğusu-2021” hesabatında Azərbaycan 100 mümkün baldan 57 bal toplamaqla 120 ölkə arasında mövqeyini 81-ci yerdən 44-cü yerə yüksəltmişdir. Son dərc olunan Açıq Büdcə İndeksində Azərbaycanın nəticələri öncəki sorğuya nəzərən 22 bal artaraq dünya üzrə orta göstəricidən (45 bal) 12 bal yuxarıda qərarlaşıb. Eyni zamanda, Azərbaycan Açıq Büdcə İndeksi reytinqi üzrə 39 pillə önə keçməklə ən çox irəliləyən ölkələr sırasındadır”,-deyə əlavə edib.
Rəşad Həsənov həmçinin bildirib ki, “Açıq Büdcə İndeksi – 2021” hesabatına əsasən Azərbaycan 120 ölkə arasında büdcə prosesinin müxtəlif mərhələlərində hazırlanan 8 əsas büdcə sənədinin hər birini dərc etmiş 17 ölkədən (Azərbaycan, Cənubi Koreya, Avstraliya, İsveç, Cənubi Afrika, Xorvatiya, Moldova, Gürcüstan, Meksika, İndoneziya, Almaniya və digərləri) biridir.
Müəllif: Aynur Qəniyeva