BİZNES

17 Noyabr

Nazir: “Pandemiya komputer biliklərimizi yeniləməyimizə ehtiyacı göstərdi”

“Koronavirus (COVID-19) pandemiyası bizə təkcə səhhətimizlə bağlı riskləri göstərmədi, həmçinin komputer proqramları ilə bağlı biliklərimizi yeniləməyimizə ehtiyacın olmasını göstərdi”.

Fins.az xəbər verir ki, bunu Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

“Bu baxımdan nazirliyin üzərinə bir neçə məsələ düşür. Hesab edirik ki, son iki il ərzində bu məsələlərin üzərinə inamla getmişik. Bunlardan birincisi virtual məkanla bağlı infrastrukturun yenilənməsidir. Burada yaxşı xəbər ondan ibarətdir ki, Azərbaycanda telekommunikasiya infrastrukturuna cavabdeh olanlar, drayverlər özəl şirkətlərdir. Onlar bu inkişaf yolunu keçiblər, nə vaxtsa bazarın kiçik və orta şirkətləri olublar, bu gün bazarın ən aparıcı şirkətlərindəndirlər. İkinci məsələ odur ki, biz insanların bilik və bacarıqlarını davamlı yeniləməsi üçün orta və ali təhsilin tam yetərli olmaması qənaətindəyik və "lifetime learning" (həyatı boyu öyrənmə) məsələsi önəm kəsb edir.Əgər insanın potensialı varsa, həyatının istənilən mərhələsində yeni biliklər əldə edə bilər. Bu baxımdan bizim yeni təşəbbüs "Technest" layihəsidir. Bu layihə çərçivəsində hər il informasiya texnologiyaları ixtisası üzrə 3 000-ə yaxın tələbəni əmək bazarına buraxmaq niyyətindədirlər”, - deyə nazir qeyd edib.

© Report