“Dövlət-özəl əməkdaşlığı sahəsində layihələrin uğurla həyata keçirilməsi nəticəsində sosialyönümlü bir sıra çətinlikləri aradan qaldırıla bilər”.
Fins.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Baku International CEO Summit”ində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkəmizin dayanıqlı sosial-iqtisadi potensialını müəyyənləşdirən vacib amillərdən biri də ölkəmizdə dövlət-özəl əməkdaşlığının inkişafının təmin edilməsidir:
“Müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan ölkələrin təcrübəsinin təhlili göstərir ki, bu tip əməkdaşlıqlar nəqliyyat, sosial infrastuktur, kommunal sektorlarında daha uğurla tətbiq olunur. Bununla da xüsusi kapitalın, daxili investisiyaların dövlət məqsədləri üçün cəlb edilməsinə imkan yaranır, dövlət büdcəsinin yükü azaldılır, dövlət xidmətlərinin keyfiyyəti yüksəlir. Biz KOBİA olaraq dövlət-özəl əməkdaşlığı layihələrinin inkişaf etdirilməsində maraqlıyıq”.
O.Məmmədov BMT ilə Qlobal Saziş təşəbbüsü çərçivəsində həyata keçirilən əməkdaşlıq barədə məlumat verək bildirib ki, KOB-larla ətraf mühit, Sosial və İdarəetmə (ESG) prinsiplərinin tətbiqinin təşviqi istiqamətində müvafiq proqramın həyata keçirilməsini nəzərdə tuturuq:
“Sosial və İdarəetmə tələblərinə riayət etmək özəl investisiyaların, xüsusən də xarici institusional investorların cəlb edilməsi və inkişaf etmiş ölkələrdə bazar payının genişləndirilməsi baxımından çox vacibdir”.
O qeyd edib ki, ölkəmizdə mövcud olan sosial-iqtisadi sabitlik, davamlı inkişaf tendensiyası dövlət, biznes və cəmiyyətin qarşılıqlı əlaqəsini daha müasir müstəvidə nəzərdən keçirməyi tələb edir:
“Bu da öz növbəsində bütün maraqlı tərəflərin qarşılıqlı məsuliyyətini daha da artırmaqla bərabər, həm də sosial-iqtisadi inkişafa zəmin yaradır. Son illər bu istiqamətdə ciddi tədbirlər görülmüş, dövlət büdcəsi, həmçinin hökumətin proqram və layihələrinin əksəriyyəti sosialyönümlü olub”.
Azərbaycan Prezidentinin təsdiq etdiyi 2030-cu il üçün Milli Prioritetlər sırasında yer alan dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, eləcə də təmiz ətraf mühit və yaşıl artım ölkəsi kimi istiqamətlər ölkəmizdə dövlət-özəl əməkdaşlığının inkişafı, korporativ idarəetmənin daha da gücləndirilməsi üçün zəruri şərtləri və elementləri özündə ehtiva edir.
© Report