Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 12 975 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,1 % çoxdur.
"Fins.az"bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qeydiyyatdan keçmiş kommersiya qurumlarının 71,9 %-i elektron qaydada, 28,1 %-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2 441-nin (ümumi qeydiyyatın 18,8 %-nin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,9 % təşkil edib.
10 ay ərzində yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1 547 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 vahid çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11,9 %, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,7 % təşkil edib.
Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,4 %-i "ASAN İmza" ilə imzalanmaqla təqdim olunub.
Yanvar-oktyabr ayları ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarından 76,5 %-i yerli investisiyalı, 23,5 %-i xarici investisiyalı qurumlardır.
Bu il noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,6 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,4 %-i səhmdar cəmiyyət, 1,3 %-i kooperativ və s. formalarda yaradılıb, 383 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.