Bu gün, 3 Noyabr 2022-ci il tarixi Dünyada Beynəlxalq Layihə İdarəetməsi Günü kimi qeyd edilməkdədir. 2004-cü ildən başlayaraq hər il Noyabr ayının ilk həftəsində layihə menecerlərinin əməyini dəyərləndirmək və onlara diqqətin artırılması üçün dünyanın bir çox ölkəsində müxtəlif tədbirlər həyata keçirilir.
“Layihə İdarəetməsinin yaratdığı dəyərlərin miqyası çox genişdir”
Hesablamalara görə 2027-ci ildə layihələrin idarəedilməsi sahəsində dünya üzrə 88 milyon insan 20 trilyon dollar həcmində dəyər yaratmaqda davam edəcəkdir. Və bu tələbatı ödəmək üçün 2030-cu ilədək əmək bazarında yeni 25 milyon layihə idarəetməsi mütəxəssislərinə ehtiyac duyulacaq.
Hal hazırda qlobal olaraq layihə idarəetməsi üzrə bir sıra trendlər inkişaf etməkdədir:
- Digital transformasiya
- Agile (çevik) fəlsəfəyə keçid və onun aktiv təşviq edilməsi
- Şirkətlərdə PMO-ların yaradılması və ya inkişaf etdirilməsi
Qlobal əmək bazarındakı dəyişikliklər və inkişaf tendensiyaları Azərbaycanda da görülməkdədir. PMWILL-in araşdırmaları onu göstərmişdir ki, Azərbaycanda fəaliyyət göstərən bir çox şirkətlərdə “Layihə Meneceri”, “Məhsul Sahibi”, “Scrum Master” və “Agile Coach” mütəxəssislərinə tələbat artmaqdadır. Bu tip vakansiyaların şərtləri analiz edildikdə layihə idarəetməsi üzrə müxtəlif sertifikatlara olan tələblərə rast gəlinmişdir. Tələb olunan sertifikatların siyahısı hazırlanarsa, bu siyahıda ən çox PMP (Project Management Professional) sertifikatına ehtiyacın olduğunu görmək mümkündür.
Layihə İdarəetməsi İnstitutu tərəfindən 2022-ci il Oktyabr ayında hazırlanmış son hesabatlara görə dünyada ən geniş yayılmış PMP sertifikatına hal hazırda aktiv olaraq 1 milyon 300 min insan sahibdir. (Mənbə: Project Management Institute Fact File, September 2022). Azərbaycanda isə bu rəqəm 530 nəfərdən çoxdur.
Layihə İdarəetməsi üzrə konsaltinq və təlim xidmətləri təqdim edən yerli şirkət PMWILL-in PMP sertifikatları ilə bağlı apardığı araşdırmalar nəticəsində bir sıra demoqrafik və əmək bazarı ilə əlaqədar faktlar üzə çıxmışdır.
“1 il ərzində sertifikat sahiblərinin sayında 63% artım”
İlkin araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2021-ci ilin May ayında Azərbaycanda 307, 2022-ci ilin Yanvar ayında 426, həmin ilin İyul ayında isə 501 nəfər PMP sertifikatlarına sahib olmuşdur. Bu nəticələr 1 il ərzində Azərbaycanda PMP sertifikatına tələbatın 63% artdığını deməyə əsas verir. (POSTER1-əlavə edilmişdir)
“Sertifikata daha çox 30-35 yaş aralığında olan şəxslər ehtiyac duyur”
PMWILL qurumunun digər bir araşdırması nəticəsində əldə edilmiş demoqrafik faktlara nəzər saldıqda aydın olur ki, Azərbaycanda PMP sertifikatına sahib olan şəxslərin 70%-i kişi, 30%-i isə qadınların payına düşür. Yaş bölgüsünə baxdıqda isə sertifikat üçün imtahan verən şəxslərin 24-41 yaş aralığında olduğu aydın olur. Yaş göstəricilərinin aşağı həddinin əsas səbəbi sertifikatı əldə etmək üçün tələb olunan minimum 36 ay peşəkar iş təcrübəsi şərtinin olmasıdır. Təhsillə bağlı göstəricilər isə bu seritifikatı daha çox “İnformasiya Texnologiyaları”, “Maliyyə” və “Mühəndislik” ixtisasına sahib şəxslərin aldığını göstərmişdir.
Sertifikatın sahibləri ilə yanaşı onların işlədikləri sektorlar isə hansı qurumların Azərbaycanda PMP və digər beynəlxalq sertifikatlara önəm verdiyini göstərmiş olur. Araşdırma zamanı məlum olmuşdur ki, ən çox PMP sertifikatı olan qurumlar neft-qaz, maliyyə-bank və telekommuniksiya sektorlarına məxsusdur. (POSTER2-əlavə edilmişdir)
“İşdə uğurlu olmaq üçün yalnız sertifikat kifayətdir mi?”
Əlbəttə bu da vurğulanmalıdır ki, yalnız sertifikatın olması işin keyfiyyətli ediləcəyini və yaxud həmin şəxsin işə götürüləcəyinin təminatı vermir. Layihə idarətməsi sahəsində çalışmaq istəyən şəxslər texniki və liderlik səriştələri, IT alətlərdən istifadə bacarığı, layihə yanaşmaları, işləyəcəkləri biznes sektorda təcrübə və biliklərə sahib olmağı özlərinə hədəf qoymalıdırlar.
Müəllif: Vüqar Rüstəmli