2026-cı ildə qeyri-neft/qaz ixracının həcminin 85% artırılması hədəflənir.
“Fins.az” xəbər verir ki, bunu BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçiriləcək “Azərbaycanda Yaşıl transformasiya” adlı konfransda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
O qeyd edib ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “yüksək keyfiyyətli ekoloji mühit” və ”yaşıl enerji” milli inkişaf prioritetləri olaraq seçilmiş və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Təmiz ətraf mühit” və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə müəyyənləşdirilmişdir. Növbəti orta müddətli dövrdə tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin 20%-ə çatdırılması, o cümlədən regionlarda 10% təşkil etməsi, tullantıların çeşidlənməsi, emalı və təkrar istifadəsi sisteminin təkmilləşdirilməsi yolu ilə ehtiyatlara qənaət və bərpa edilməsi potensialının artırılması kimi hədəflər də qoyulub.
Sahib Məmmədov strategiyanın icrasının iqtisadi nəticələrini açıqlayaraq, "Eyni zamanda qeyd edim ki, strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 %, qeyri-neft qaz ÜDM-nin isə illik orta hesabla 5% artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88%-ə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft/qaz ixracının həcminin 85% artırılması hədəflənir"-deyə əlavə edib.
Müəllif: Aynur Qəniyeva
