Azərbaycan mühüm nəqliyyat qovşaqlarının kəsişməsində yerləşir və tranzit “hab”a çevrilib, Qətər investorları bu imkanlardan yararlana bilər.
"Fins.az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun Qətər İnvestisiya Qurumunun baş icraçı direktoru Mansur bin Ebrahim Al Mahmud ilə keçirilən görüşdə qeyd edilib.
Görüşdə ölkələrimizin iqtisadi əlaqələrinin gücləndirilməsi, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan İnvestisiya Şirkəti ilə birgə sərmayələrin təşviqi, bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb, qarşılıqlı investisiyaların artırılmasının digər sahələrin inkişafına töhfə verəcəyi vurğulanıb.
Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani ilə görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar, Azərbaycan-Qətər əməkdaşlığının sürətlə inkişaf etdiyi, yüksək səviyyəli səfərlərin əlaqələrin genişlənməsində önəmi vurğulanıb. İqtisadiyyat naziri bildirib ki, ölkələrimiz arasında tərəfdaşlığın möhkəmləndirilməsi üçün böyük potensial var və bu baxımdan, birgə layihələrin və təşəbbüslərin icrası xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, əməkdaşlığın gələcək inkişaf perspektivləri qeyd olunub.
X.Tani Azərbaycan və Qətər arasında dostluq əlaqələrini, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb, tərəfdaşlığın möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.
Tərəflər iki ölkə arasında energetika, nəqliyyat-logistika, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Qətər Əmirinin şəxsi nümayəndəsi Şeyx Casim bin Həməd Al Tani ilə görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli əlaqələrin, iqtisadi münasibətlərin yüksələn xətt üzrə inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq, həmçinin investisiya-ticarət və digər sahələrdə əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Qətərə səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bu ölkənin Ticarət və Sənaye Palatasının nümayəndələri ilə də görüşüb. Tədbirdə ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi təşəbbüslərindən məmnunluq ifadə olunub. Qeyd olunub ki, Qətərin Ticarət və Sənaye Palatası ilə Azərbaycanın müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə tədbirlərin təşkili işgüzar dialoqun inkişafına, yeni layihələrin icrasına stimul verə bilər. Qeyd olunub ki, ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər mövcuddur, iş adamları iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq edir, bir sıra Azərbaycan məhsulları Qətər ticarət şəbəkələrində satılır. Vurğulanıb ki, Qətərdə açılan Azərbaycan Ticarət Evi, ixrac potensiallı məhsullar barədə məlumat mübadiləsi iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsinə töhfə verəcək.
