BİZNES

23 Sentyabr

Aviaşirkət 200 milyon dollar cərimə ödəyəcək

Amerikanın "Boeing" aviaşirkəti, "Boeing 737 MAX" təyyarəsinin təhlükəsizliyi ilə bağlı investorları yanıltdığı üçün 200 milyon dollar cərimə ödəyəcək.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının saytında dərc edilmiş bəyanatda qeyd edilib.

Məlumatda şirkətin federal qiymətli kağızlar qanunlarının saxtakarlığa qarşı müddəalarını pozduqları bildirilir. Qeyd olunur ki, zərər çəkən investorların maraqları üçün xüsusi fond yaradılacaq.

Açıqlamaya görə, 2018-ci il oktyabrın 29-da İndoneziyada "Lion Air" şirkətinə məxsus "Boeing 737 MAX 8" təyyarəsi qəzaya uğrayıb, 189 nəfər həlak olub. 2019-cu il martın 10-da Efiopiyada "Efiopiya Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər həlak olub. Şirkət hər 2 qəzadan sonra bildirib ki, təyyarələr tamamilə təhlükəsiz olub.

Lakin "Boeing" rəhbərliyi daha sonra etiraf edib ki, hər iki hadisədə təyyarə qəzaya uğramazdan əvvəl "MCAS" sisteminin göyərtəsində nasazlıq yaranıb. Bundan sonra bir çox ölkələr, o cümlədən Rusiya, ABŞ və Avropa İttifaqı təhlükəsizlik səbəbi ilə bu seriyalı təyyarələrin istismarını dayandırıb.