BİZNES

08 Sentyabr

Azərbaycanda konsaltinq xidmətinə tələbat varmı?

Dünyanın inkişaf etmiş ölkələrində konsaltinq şirkətlərinin xidmətindən istifadə geniş yayılıb. Azərbaycanda da müxtəlif sahələr üzrə ixtisaslaşmış belə şirkətlər mövcuddur. Bəs onların fəaliyyətinə maraq varmı?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin idarə Heyətinin sədri, ölkədəki konsaltinq şirkətlərindən birinin rəhbəri Vüqar Oruc "Fins.az"-a açıqlamasında son illər ölkəmizdə konsaltinq sahəsinin inkişaf etdiyini deyib:

“Azərbaycanda hüquq, qiymətləndirmə, bazar araşdırmaları, marketinq və digər sahələr üzrə konsaltinq xidməti göstərən şirkətlər var.

Sadəcə vətəndaşlarımızın məsələlərə yanaşma tərzində müəyyən fərqlər mövcuddur. Qərb ölkələrində insanlar hətta ipoteka krediti ilə mənzillərin alınması, yaxud hardasa nağd və ya icarə yolu ilə əmlaka sahib olmaq istəyirlərsə, konsaltinq şirkətinə müraciət edib yol xəritəsi və ya müxtəlif məsləhətlər alırlar. 

Azərbaycanda isə bu sahədə inkişaf etmiş bazar yoxdur, mövcud bazar isə yeni formalaşır. Biznes layihələrin hazırlanması, hansısa sahəyə yeni sahibkarların daxil olması hallarında konsaltinq xidmətinə böyük zərurət yaranır.

Artıq Azərbaycanda da xarici investorlar və ya yerli sahibkarlar hansısa istiqamətdə addım atmaq istəyəndə mütləq konsaltinq xidmətinə müraciət edirlər. 

Yeni istehsal sahələrinin yaranması, şirkətlərin öz fəaliyyət istiqamətini dəyişərək yeni sahələrə baş vurması, biznes planların yazılması, xüsusən də əmlakların idarə olunması, qurumların öz əmlakını qiymətləndirib ondan daha səmərəli istifadə etmək imkanlarının müəyyən edilməsi üçün bu cür müraciətlər olur.

Məsələn, konsaltinq şirkəti öz məsləhətini verir ki, hansı əmlak hansı təyinat üzrə istifadə edilsə, daha səmərəli olar.

Yaxud, tutalım, hansısa fiziki və ya hüquqi şəxs əmlak əldə etmək istəyir və təyinatını özü müəyyən edir ki, onu anbar kimi istifadə edəcək. Bu zaman konsaltinq şirkəti anbarların infrastruktur, yerləşmə baxımından harda daha səmərəli olması barədə öz məsləhətlərini verir.

Konsaltinq fəaliyyətinin istiqamətləri çoxdur. 

Düşünürəm ki, Azərbaycan biznesi inkişaf etdikcə bu istiqamətlər daha da artacaq və yaxın 10 ildə Azərbaycanda istər fiziki, istərsə də hüquqi şəxslər tərəfindən bu tip xidmətlərdən istifadə halı adiləşəcək. Yəni artıq Azərbaycan cəmiyyəti biznes mühitinə və təfəkkürünə uyğun formada təmərküzləşəcək və formalaşacaq.

Bunun üçün müəyyən bir müddət lazımdır və bu müddəti artıq başlamış hesab etmək olar”.