BİZNES

17 Avqust

Payız sərgi mövsümü sentyabr ayında başlayır

Sentyabr ayında Azərbaycanda ixtisaslaşmış payız ticarət-sənaye sərgiləri mövsümü yenidən start götürür. Ənənəvi olaraq sərgilər Azərbaycan Respublikasının dövlət strukturları tərəfindən dəstəklənir. “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətlərin təşkilatçılığı ilə bu mövsüm çərçivəsində 8 sərgi keçiriləcək. Sərgi təqvimi ilə aşağıdakı saytlarda tanış olmaq olar:   //exhibitions.ceo.az/en-exhibitions; //www.iteca.az/.

Mövsüm sentyabrın 6-dan 8-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX”-dən başlayır. Müasir silah və texnika sərgisi olan “ADEX” Azərbaycan Respublikasının və dünya şirkətlərinin hərbi-sənaye kompleksinin gücünü və qüdrətini nümayiş etdirəcək. Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı şanlı zəfərdən sonra ilk dəfə keçiriləcək “ADEX” xüsusi əhəmiyyət kəsb edir. Bu il sərgidə ilk dəfə İordaniya şirkətləri iştirak edəcək. Belarus, İran, İsrail, Qazaxıstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr öz milli stendləri ilə iştirak edəcəklər.

ADEX sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin baş sponsoru “Jadara Equipment Defense Systems”, qızıl sponsoru “Turkish Aerospace”, bürünc sponsoru isə “ASFAT” şirkətidir.

ADEX ilə paralel olaraq 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi keçiriləcək. “Securex Caspian” sərgisi hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək beynəlxalq tədbirdir. Sərgidə Azərbaycan, Belarus, Çin, İsrail, Koreya Respublikası, Rusiya Federasiyası və digər ölkələrdən şirkətlər təmsil olunacaq.

Daha sonra 5-9 oktyabr tarixlərində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi “Baku International Book Fair” sərgisi ilə mövsüm davam edəcək. Sərgidə 5 gün ərzində bir sıra yerli və xarici nəşriyyatlar və mətbəələr, eləcə də kitab mağazaları, universitetlər, mədəniyyət mərkəzləri, muzeylər və s. iştirak edəcək. Sərginin məqsədi bu rəqəmsal əsrdə kitab və mütaliənin təbliği və populyarlaşdırılması, Azərbaycan və xarici nəşriyyatların poliqrafiya məhsulları ilə tanışlıq, nəşriyyat sənayesinə dəstək, potensial əməkdaşlıq üçün nəşriyyatları kitab mağazaları ilə tanış etmək, Azərbaycanda kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsi aparmaqdır. Sərginin təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir. Sərgi Caspian Event Organisers şirkətinin təşkilati dəstəyi ilə keçirilir.

2022-ci ildə Azərbaycanın sərgi sənayesi üçün mühüm tədbirlərdən biri oktyabrın 19-dan 21-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisi olacaq. Bu il sərgidə Azərbaycan, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası və digər ölkələrdən şirkətlər iştirak edəcək.