2022-ci ilin 7 ayı ərzində 8.843 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,3% çoxdur.
"Fins.az" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeydiyyatdan keçmiş kommersiya qurumlarının 71,3 faizi elektron qaydada, 28,7 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Onlardan 1.529-nun (ümumi qeydiyyatın 17,3 faizi) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsndə təmin edilib.
Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumundan 6.724-ü (76 faiz) yerli investisiyalı, 2.119-u (24 faiz) xarici investisiyalı qurumlardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 12,5 faiz artıb.
2022-ci ilin 7 ayı ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 15,3 faiz artıb.