BİZNES

05 Avqust

Azercell şirkətinin kartel razılaşmasına imza atdığı iddia olunur

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-nin ərizəsilə “Azercell Telekom” MMC və “L-SİM” MMC barələrində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.

Fins.az xəbər verir ki, iddia Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 2-ci bəndinin və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasının tələblərinin pozulması əlamətləri üzrədir. 

İşin ümumi halı - “Azercell Telekom” MMC üçüncü şəxslərin sifarişləri əsasında abunəçilərə qısa mesajların kütləvi yayımının həyata keçirilməsi ilə bağlı müəssisələrlə eyni şərtli müqavilələrin bağlanmasında (xidmət haqlarında) ayrı-seçkiliyə yol verilməsi, sərfəli olmayan müqavilə şərtlərinin həmin müəssislərə məcburi qəbul etdirilməsi, habelə “Azercell Telekom” MMC və “L-Sim” MMC aralarında rəqabəti məhdudlaşdıran müqavilələr bağlaması (kartel razılaşması) və “L-Sim” MMC bu cür kartel razılaşmasına səbəb olan müqaviləni bağlamaqla onun rəqiblərinin qərarlarının icrasına qanunsuz təsir etməsidir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti işə 10.08.2022-ci il tarixində baxacaqdır.