BİZNES

17 May

“Araz” supermarketlər"-in rəhbəri Rəşad İbrahimov: Bizim üçün müştəri ilə yanaşı, əməkdaşlarımız da dəyərli aktivdir

Hamımızın həyatına təsir edən koronavirus pandemiyası dünya iqtisadiyyatındakı vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdi. Təbii ki, bu proses dünyada irili-xırdalı bütün şirkətlərin fəaliyyətinə təsir etdi. Maliyyə böhranı yaşayan, hətta işini dayandıran qurumlar da az olmadı. Hazırda inflyasiya bütün dünyanın gündəmində olan məsələdir. "Fins.az"-ın müsahibi Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimovdur.

Bazarda mövcud vəziyyəti nəzərə alsaq, “Araz”ın fəaliyyətinin əsas prioriteti nədir?

Biz marketçiliklə məşğul oluruq və müştəri məmnuniyyəti bizim üçün prioritetdir. Bu, nə qədər də banal səslənsə də, müştərinin mağazamızdan məmnun getməsi bizim əsas hədəfimizdir. Biz bunu necə başa düşürük? Müştərilərimizə mümkün olan uyğun qiymətə keyfiyyətli məhsul təqdim etməliyik. Keyfiyyətli məhsul odur ki, mən həmin məhsulu öz evim üçün alıb aparmaq istəyirəm. Biz şirkət olaraq, qidanın keyfiyyətinə böyük əhəmiyyət veririk və bunun üçün təkcə ötən ildə laborator xərclərimiz 450 min manata yaxın olmuşdur. Bazarda yaranmış vəziyyətə uyğun olaraq, biz də işimizi elə qururuq ki, yeniliklərdən geri qalmayaq və tələblə ayaqlaşaq.

Araz” supermarketlər şəbəkəsi qiymətləri formalaşdırarkən nələri nəzərə alır?

Qiymətlər hazırda bütün dünyanın gündəmində olan məsələdir. Əlbəttə, insanlar hər zaman qiymətlər haqqında düşünür. Bu, təbii prosesdir. Dünyada baş verən son hadisələr qiymətlərin artımına gətirib çıxarır. Mən dünyada gedən prosesləri müşahidə edirəm. Hətta dünyanın ən inkişaf etmiş bölgələrindən olan Şimali Avropada da davam edən inflyasiya insanları narahat edir. Sualınıza cavab olaraq, demək istəyirəm ki, qiyməti bazar müəyyən edir və bazar iştirakçıları də bu axına uyğunlaşmalıdır. Geosiyasi hadisələr, sosial iğtişaşlar, iqlim və təbii hadisələr, yeni bazarların yaranması, tələb-təklif nisbəti və digər amillər də qiymətlərin formalaşmasına təsir göstərir. Amma biz çalışırıq ki, qiymətlərimizi bir tərəfdən yerli bazara uyğunlaşdıraq, digər tərəfdən isə məhsullarımızı müştərilərimizə mümkün qədər münasib qiymətə təqdim edək.

Sizin bir günlük müştəri sayınız təxminən nə qədərdir? Bu rəqəm sizi qane edirmi?

Satış sahəsinin hər bir peşəkarı sizə deyər ki, hədəfimiz və gözləntilərimiz hər zaman daha yüksəkdir. Bütün pərakəndəçilər daha çox müştəriyə xitab etmək istəyirlər. Belə olmasa, deməli, işimizi düzgün qurmamışıq. Gün ərzində biz minlərlə, dəqiq desək, ölkə üzrə mağazalarımızda 350 mindən artıq insana xidmət edirik. Hər zaman düşünürük ki, necə edək ki, müştərilərimiz bizimlə qalsın. Səmimi desəm, əlbəttə, daha çox müştərinin “Araz”ı seçməsini istəyirik. Lakin buna nail olmaq üçün biz xidmətlərimizi və müştərinin alış-veriş təcrübəsini daha da yaxşılaşdırmalıyıq.

Bu təcrübənin yaxşılaşdırılması üçün siz konkret olaraq nə edirsiniz?

Sizə desəm ki, marketlərimizdə 100% hər şey yaxşıdır, bu, qeyri-səmimi və qeyri-peşəkar səslənər. Şikayətləri heç kim sevmir. Amma qəbul edirəm ki, müştərilərimiz vaxtaşırı bizə müəyyən nöqsanlar barəsində məlumat verir. Bu cür sorğular üzrə işləyən komandamız həmin müraciətləri vaxtında araşdırır və həll etmək üçün çalışır.

Siz özünüzün bazarda mövqeyi barədə nə düşünürsünüz?

Fikrimizcə, “Araz” supermarketlər şəbəkəsinin bazarda özünəməxsus yeri var. Artıq 11 ildir ki, “Siz harada, Araz orada” deyərək müştərilərimizə xidmət edirik. Fəaliyyətimizin ilk dövrü ilə müqayisədə böyük məsafə qət etmişik. Dünyada baş verən yenilikləri biz də çalışırıq ki, marketlərimizdə tətbiq edək. Bir neçə nümunə deyim. Mağazalarımızdakı özünəxidmət kassa aparatları müştərilərin rahatlığına yönəlib və vaxt itkisini azaldır. Müəyyən marketlərimizdə ənənəvi dolabları elektron dolablarla əvəz etmişik. Bundan başqa, meyvə-tərəvəz, ət və ət məhsullarının üzərindəki QR kod vasitəsilə müştərilərimiz həm elektron kataloqu mobil telefonlarına yükləyə, həm də məhsul haqqında ətraflı məlumat əldə edə bilərlər. Görmə zəifliyi olan müştərilərimiz üçün lupalı alış-veriş arabaları istifadəyə verilib. “Araz” bonus kartı 2 faiz kəşbək qazandırır. “Araz” mobil tətbiqini yükləməklə də bonus kartının üstünlüklərindən yararlanmaq mümkündür. Tez-tez məhsul festivalları keçiririk. Dediyim kimi, biz müştərilərimizin məmnuniyyətini təmin etməyə çalışırıq. Düşünürəm ki, buna görə də bazarda müəyyən yerimiz var.

Bildiyimizə görə, “Araz” Azərbaycanda ən böyük işçi heyətinə malik olan şirkətlərdən biridir. Hazırda marketlərinizdə neçə nəfər çalışır və insanları işə götürəndə nəyə fikir verirsiniz?

Bizim üçün müştəri ilə yanaşı, əməkdaşlarımız da dəyərli aktivdir. Pərakəndə sektorunda çalışan hər bir peşəkar sizə deyər ki, keyfiyyətli xidmətin, sektorda mövqe qazanmağın və şirkətin imicini yüksəltməyin əsas yollarından biri də əməkdaşların motivasiyasıdır. Çünki məqsədlərimizə əməkdaşların şirkətə bağlılıq hissi və zəhməti sayəsində nail ola bilərik. Şirkət yeniliklərə malik texnologiyalara və maddi resurslara sahib ola bilər, amma bunlardan doğru şəkildə yararlanmaq üçün peşəkar komandaya ehtiyac duyulur. Bəlkə bu, sizə iddialı səslənə bilər. Amma biz inanırıq ki, potensialı yüksək və bacarıqlı əməkdaşlar həm şəxsi, həm də peşəkar inkişaf baxımından şirkətimizdə irəliləyə bilərlər. Hazırda “Araz”ın böyük ailəsində hər yaş qrupunu əhatə edən 7000-dən çox əməkdaş çalışır. Biz əməkdaşlarımızın inkişafı məqsədilə “Araz akademiya”nı yaratmışıq. Məsuliyyətli, dürüst, hədəfləri və məqsədləri olan insanlar “Araz” ailəsinə qoşula bilər.

“Araz” supermarketlər şəbəkəsi üçün pandemiya dövrünün çətinlikləri və qazancı nə oldu?

İnsanları qida və ilkin tələbat məhsulları ilə təmin edən şirkət kimi biz də öz məsuliyyətimizi dərk edirdik. Həm müştərilərimizin, həm də əməkdaşlarımızın sağlamlığı və təhlükəsizliyi üçün dövlətin tövsiyə etdiyi bütün tədbirləri zamanında gördük. Ötən ildə məhdudiyyətlərin yumşalma dövrü olsa belə, əməkdaşlarımızın və müştərilərimizin sağlamlığını qorumaq əsas prioritetimiz olaraq qaldı. Biz indiyədək bütün mağazalarımızda ciddi şəkildə dezinfeksiya tədbirləri həyata keçiririk. Müştərilərin əllə təmasda olduğu bütün əşyalar – əl səbətləri, arabalar, kassa ətrafına qədər mütəmadi dezinfeksiya edilir. Düşünürəm ki, bu dövrdə bütün çətinliklərə və xərclərə baxmayaraq, bizim qazancımız elə müştəri məmnuniyyəti və rəğbəti oldu.

Araz”da işçilərin iş saatı və əməkhaqqı müəyyən edilərkən hansı meyarlar əsas götürülür?

Veysəloğlu Şirkətlər Qrupunun əsas dəyərlərindən biri də ədalətlilikdir. Biz həm müştərilərimizlə, həm də öz əməkdaşlarımızla ədalətlə davranırıq. İşçilərimizə təklif etdiyimiz əməkhaqqı əmək bazarının standartlarına uyğundur. Əlavə edim ki, şəbəkəmizdə sürətli karyera inkişafı olduğundan insanların məvacibi da qısa bir zamanda dəyişə bilər. Dediyim kimi, maaş təyin edilərkən əmək bazarındakı ümumi vəziyyət və əməkdaşın vəzifə öhdəlikləri nəzərə alınır. İş saatları Əmək Məcəlləsinə və ölkə qanunvericiliyinin tələblərinə uyğun tənzimlənir.

Araz”dan istehlakçılar yaxın gələcəkdə hansı yenilik və dəyişiklikləri gözləsin?

Əlbəttə, gələcəyini düşünən hər bir şirkət yeniliyə açıq olmalıdır. Şəxsən mən hər imkanda çalışıram ki, yenilikləri izləyim və araşdırım. Pərakəndə sahəsində olan uğurlu tendensiyaları biz komanda olaraq aramızda müzakirə edirik. Bilirsiniz, hər bir şirkət cəmiyyətin və xidmət göstərdiyi icmanın bir parçasıdır. Şirkəti fərd kimi dəyərləndirsək, görərik ki, onun özünəməxsus xarakteri, məqsədi, yolu vardır. Məsuliyyətini anlayan hər bir fərd yaxşı bilir ki, onun yolu cəmiyyətdən ayrı deyil və cəmiyyət üçün fayda və dəyər yaratmağa çalışır. Biz də bu cəmiyyətin bir parçası olan şirkət kimi dediyim bu dəyəri artırmaq üçün tətbiq ediləcək yenilikləri düşünürük. Bizim də yolumuz budur.

Müsahibimiz haqqında:

Rəşad İbrahimov ali təhsilini Bakı Dövlət Universitetində “Sosial Elmlər, Psixologiya və Politologiya” fakültəsində bakalavr və magistratura dərəcələri üzrə alıb. Həmçinin Harvard Biznes Məktəbinin “Liderlər üçün maliyyə” kursunun sertifikatını qazanıb. Peşəkar fəaliyyətinə “Veysəloğlu” MMC-də Satış təmsilçisi qismində başlayan Rəşad İbrahimov son 8 ildə “Araz Supermarket” MMC-də müxtəlif vəzifələrdə çalışıb. Rəşad İbrahimov 2020-ci ildə “Araz Supermarket” MMC-nin İdarə Heyətinin üzvü vəzifəsinə, daha sonra İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Müəllif:Aynur Qəniyeva