Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə neft məhsulları bazarında rəqabətin pozulması barədə müraciətlər daxil olur.
"Fins.az"xəbər verir ki, bu barədə dövlət xidməti məlumat yayımlayıb.
Məlumatda bildilir ki, qeyd edək ki, bir müddət əvvəl fərdi sahibkarlar tərəfindən "SOCAR PETROLEUM" QSC-dən alınan neft məhsullarının alıcının ünvanına çatdırılmaması ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciət əsasında araşdırma aparılıb. Araşdırma zamanı alıcılara qarşı əlverişsiz müqavilə şərtlərinin tətbiq edildiyi müəyyən olunub və antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə QSC-yə qarşı iş qaldırılıb. İşə baxılıb və müqavilə şərtlərinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması barədə QSC-yə icrası məcburi göstəriş verilib.
Bununla yanaşı, Dövlət Xidməti "SOCAR PETROLEUM" QSC-nin "Tənzimlənən qiymətlər haqqında" və "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olmayan fəaliyyəti nəticəsində əldə etdiyi 27.412.962 manat gəlirin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edib. Neft məhsulları bazarında bu cür halların aşkar ediləcəyi təqdirdə qanunamüvafiq ən sərt tədbirlər görüləcəkdir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ədalətli rəqabət mühitinin qorunması, antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsi istiqamətində tədbirləri davam etdirir.